
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb. Bədii Şuranın yaradılmasında məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir), bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.
Bədii Şuranın üzvləri olan xalq artisti Mənsum İbrahimov, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və xalq artisti Mübariz Tağıyev Yeniavaz.com-a Şuranın fəaliyyəti haqqında açıqlama veriblər.
Bədii yaradıcılıq məhsullarının olduğu bütün sahələrə nəzarət mexanizminin lazım olduğunu bildirən Baba Vəziroğlu: "Bədii Şuranın fəaliyyəti nəticəsində efirə təsadüfi adamların çıxmasının, efirdə küçə jarqonları işlədilməsinin, bəsit mahnıların oxunmasının qarşısı alınacaq. Bu addım digər müstəqil telekanallara da örnək olmalıdır. Yeni rəhbərliklə birlikdə fəaliyyətimizdən sonra tamaşaçılar pultun düyməsini basaraq AzTV-ni digər telekanala dəyişməyəcək".
Bədii Şurada hər sahədən nümayəndə olduğunu bildirən Mənsum İbrahimov: "Bədii Şuranın yaradılmasında məqsəd layiq olan adamların, layiq olan əsərlərin efirdə olmasına şərait yaratmaqdır. Cəmiyyətdə müsbət mənada söz sahibi olan insanlar tamaşaçıların mariflənməsi üçün efirlərdə olmalıdır. Formal bir qurum kimi yox, fəaliyyət göstərən bir qurum kimi işləmək bizim hədəfimizdir. Düşünürəm ki, digər televiziyalarda da Bədii Şura yaradılması yaxşı olardı. Bu gün özəl televiziyalarımızda vəziyyət heç də yaxşı deyil. Bunu hamı etiraf edir. Bütün cəmiyyət də bundan narazıdı. Özəl televiziyalarda olan bayağı verilişlərin azalması üçün hal-hazırda hər şeydən öncə ictimai qınağa ehtiyac var. Bu tipli verilişlər yalnız ictimai qınaq nəticəsindən yox ola bilər".
Yeni yaradılmış şuranın sovet dövründə olan Bədii Şuralara bənzəmədiyini deyən Mübariz Tağıyev: "Bədii Şuranın yaranmasında məqsəd efirdə olan verilişlərin müəyyən qədər tənzimlənməsidir. Bədii Şura senzura kimi başa düşülməməlidir. Bizim fəaliyyətimiz televiziya tərkibində olan verilişlərin zamanın tələbinə uyğun hazırlanması olacaq".
Qeyd edək ki, Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan” da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz