Ötən gün Almaniyanın Kassel şəhərində Azərbaycana deportasiya edilən zaman özünə qəsd edərək damarlarını doğrayan Səbuhi Hüseynovun vəziyyəti stabildir. Bu barədə S.Hüseynovun həyat yoldaşı Könül Hüseynova məlumat verib.
K.Hüseynovanın sözlərinə görə, Azərbaycanda olarkən Almaniyaya sığınacaq üçün rəsmi məktubla müraciət ediblər və müraciətlərinə də qısa bir zamanda cavab verilib: “Almaniyaya gələndən sonra özümüzü güvəndə hiss etmişdik. İndi bizi Azərbaycana deportasiya etmək istəyirlər. Ancaq bir səbəb də göstərmirlər. Azərbaycanda başımıza gələn hadisələrlə bağlı doğru məlumat vermişik. Mingəçevirdən çıxanda 6 uşağımız var idi, 7-ci uşağa hamilə idim. Azərbaycana qayıtsaq yoldaşım həbs oluna bilər. Təəssüf ki, bunların heç birini nəzərə almadılar“.
Ötən gün baş verən hadisə ilə bağlı danışan Könül Hüseynova bildirib ki, polislər deportasiya qərarını icra etmək üçün Kasseldə yaşadıqları evə gəliblər : “Yoldaşım tualetə getdi və gəlmədi. Uşaqlar birdən qışqırdı ki, atamız ölüb. Səbuhi damarlarını doğramışdı, qan axıb dəhlizə qədər çıxmışdı. Tez xəstəxanaya çatdırıldı. Hazırda vəziyyəti orta stabildir“.
K.Hüseynova vəziyyətinin Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə tərəfindən də nəzərə alınmasını xahiş edib.
Məlumat üçün qeyd edək ki, ötən gecə 15-dən çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb. Bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib.
Bildirilib ki, nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə, həmin ailələr səhər saat 7 radələrində yenidən öz yaşayış yerlərinə qaytarılıb. Hava limanına aparılanlar arasında xəstələr, ailə üzvlərindən biri və ya ikisi evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanlar tərəfindən nəzərə alınmayıb. (AzEuroNews.com)