Rumıniyanın təbii qaz istehsalçısı olan “Romgaz” şirkəti Azərbaycandakı “onşor” (sahil) və “ofşor” (dəniz) layihələrdə iştirak etmək niyyətindədir.
Şirkətin baş direktoru Adrian Volintiru “Jurnalul” nəşrinə müsahibəsində “Romgaz”ın gələcək planları və SOCAR-la əməkdaşlığından danışıb. O, şirkətin daha da inkişafı üçün xarici bazarlara çıxış, istehsalın artımı kimi addımların vacibliyini bildirib.
Adrian Volintiru deyib: “Romgaz” Azərbaycanda SOCAR-ın rəhbərliyi ilə keçiriləcək görüşdən sonra əməkdaşlığın daha da möhkəmlənəcəyinə inanır. Şirkət Azərbaycanda təbii qaz hasilatı ilə bağlı onşor və ofşor layihələrdə iştirak etmək niyyətindədir. Bu məsələ fevralın 20-də SOCAR-ın rəhbərliyi ilə görüş zamanı müzakirə olunacaq”.
Şirkət rəhbəri görüş zamanı TANAP və TAP vasitəsilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyaya qaz nəqli məsələsini müzakirə edəcəklərini deyib: “Ümumiyyətlə, SOCAR-la “Romgaz”ın əməkdaşlığı Rumıniya üçün vacibdir, görüşün konkret nəticəsinin olacağına ümidvarıq”.
Qeyd edək ki, “Romgaz” Rumıniyanın əsas qaz istehsalçısıdır və şirkətin səhmlərinin 70 faizi dövlətə məxsusdur. (azertag)