
“ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçiləri Suriyadan çıxarma qərarından əvvəl bizimlə məsləhətləşməyib və bu qərardan daha öncə xəbərdar olmamışıq”. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Cozef Votel deyib. Onun sözlərinə görə, İŞİD-in əlində olan torpaqların sahəsi 5 min 180 hektaradək azaldılıb: “Amerika ordusu geri çəkilməzdən qabaq bu sahəni tamamilə İŞİD-dən təmizləyə bilər”. Amerikalı general qeyd edib ki, ABŞ ordusu Suriyadan çıxandan sonra İŞİD daim təhdid olmağa davam edəcək: “İŞİD-in liderləri, silahlıları və qaynaqları öz mövcudluğunu qoruyur. Bu təşkilat təhdid törədən üsyanı təhrik etmək üçün lazımi təchizatlara malikdir. Bu şəbəkə üzərində təzyiqi davam etdirməliyik. Əgər bunu etməsək, yenidən geri qayıda bilərlər”.