Gürcülərin erməniləri blokadadan çıxarmasına deputatdan SƏRT REAKSİYA


"Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini Rusiya zəbt edib. Mən ümumiyyətlə inanmıram ki, orada faktiki olaraq sərhəd-keçid məntəqələri qurularaq Gürcüstan və Rusiya arasında ticarət aparmağa imkan yaransın. Əlbəttə ki, bu, Azərbaycan üçün də arzuolunan deyil. Çünki həmin məntəqələr vasitəsilə Ermənistandan yüklər daşına bilər". Yeniavaz.com xəbər verir ki, bunu sonxeber.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Qeyd edək ki, Rusiya və Gürcüstan "Gömrük idarəetməsi və ticarətdə monitorinqin mexanizmləri haqda" 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb. Müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir. Həmin məntəqələrdə gömrük nəzarətini İsveçrənin SGS şirkəti həyata keçirəcək. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin yaxın 2-3 ildə layihənin icrasına başlanılacağını deyib. Layihənin icrası Ermənistana Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmağa və faktiki olaraq onun nəqliyyat blokadasından çıxmasına yol açacaq.

Millət vəkili xatırladıb ki, Ermənistan Azərbaycanla müharibə şəraitində olan dövlətdir: "Hesab edirəm ki, sərhəd-keçid məntəqələrinin qurularaq tərəflər arasında ticarətin aparılması inandırıcı məsələ deyil. Ola bilsin hansısa sənəd hazırlanıb və imzalanıb, bunun 2-3 ildən sonra qüvvəyə minməsi deyilir. 2-3 ildən sonra nə baş verəcəyini bilmək olmaz. Ona görə də buna o qədər də inanmıram".

Onun sözlərinə görə, əgər Abxaziya və Cənubi Osetayada sərhəd-keçid məntəqələri qurularsa və Ermənistan onlardan istifadə edərsə, bu, Ermənistanın blokadadan çıxmasına anlamına gəlməsə də, müəyyən qədər ona köməkliyi olacaq: "Onsuz da Ermənistanın Gürcüstanla münasibətləri o qədər də gərgin deyil. Desələr də, deməsələr də mütəmadi ticarət əlaqələri var, müəyyən işlər görürlər. Əgər yeni sərhəd-keçid məntəqələri açılsa, Ermənistan Abxaziya və Cənubi Osetiya vasitəsilə yüklərini bribaşa Rusiyaya çıxaracaq, müəyyən işlərini görəcək".

V. Əhmədovun qənaətincə, bu, əlbəttə Bakı üçün arzuolunan hərəkət deyil: "Buna görə də yəqin ki, Azərbaycan hökuməti bunu cavabsız qoymaz. Rəsmi Tbilisi bilir ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Dağlıq Qarabağ nə vaxt azad edilərsə, Azərbaycanın ərazi bütövlüyü nə vaxt təmin edilərsə, bu məsələlərə qayıtmaq olar".

Deputat vurğulayıb ki, Gürcüstan demokratik dövlətdir: "Ərazi bütövlüyü uğrunda mübarizə aparan bir dövlətdir. Demək olar bütün dünya və Avropa ölkələri Gürcüstanın ərazi bütövlüyünü tanıyıb. Ona görə də Abxaziya və Cənubi Osetiya gec-tez Gürcüstana qaytarılmalıdır. Ola bilsin ki, Gürcüstanın yeni təyin edilmiş Baş naziri müəyyən dividentlər əldə etmək üçün bu addımı atıb. Amma ümumi götürdükdə dövlət və xalq səviyyəsində bunun qəbul ediləcəyinə mən inanmıram".

DİGƏR XƏBƏRLƏR

Top