Erməni girovluğunda saxlanılan azərbaycanlı azad olundu


Dağlıq Qarabağda seperatçı rejimin əlində girov saxlanılan Elnur Hüseynzadə azad edilib. Yeniavaz.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunur ki, 2017-ci ildə  "sərhədi" qanunsuz keçdiyinə görə "məhkəmə" onun barəsində 2 il həbs qərarı verib. Fevral ayının 2-də 2 il tamam olduğuna görə Elnur Hüseynzadə sərbəst buraxılıb.
Məlumat üçün bildirək ki, Elnur Hüseynzadə silahlı qüvvələrin təmas xəttinin şimal istiqamətində, Talış kəndi yaxınlığında ermənilər tərəfindən girov götürülüb. O zaman erməni tərəfinin yaydığı məlumatda qeyd olunurdu ki, guya cəbhədə döyüş baş verib və bundan sonra isə 1995-ci ildə Bərdə rayonunda anadan olmuş sıravi Elnur Hüseynzadə əsir götürülüb.  Azərbaycan Müdafiə Nazirliyi isə bəyanat yayaraq bildirib ki, qeyd olunan tarixlərdə cəbhə xəttində heç bir döyüş olmayıb və Elnur bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub.
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı yeniavaz.com-a bildirdi ki, bu məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məşğul olur: "Müdafiə Nazirliyi bu məsələyə heç bir münasibət bildirmir".  
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə yeniavaz.com-a bildirdilər ki, yaxın dəqiqələrdə məsələ ilə bağlı rəsmi açıqlama veriləcək.


 

DİGƏR XƏBƏRLƏR

Top