Bakıda bir ayda mindən çox oğurluq olub


Hüquq-mühafizə orqanları 2019-cu ilin yanvar ayı ərzində 1285 şəxsi və dövlət əmlakının oğurlanması faktını qeydə alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeydə alınmış ümumi oğurluq faktlarının sadəcə 173-nün üstü açılıb. Bununla yanaşı, 1 ay ərzində paytaxt polisinin əməkdaşları əvvəllər baş vermiş 107 şəxsi əmlakın oğurlanması faktının üstünü açıb.

Qeyd edək ki, son illərdə Bakıda əmlak cinayətlərinin sayının artdığı müşahidə edilir. Əgər beş il əvvəl partaxtda sutka ərzində 30-dək oğurluq faktı qeydə alınırdısa, hazırda bu göstərici xeyli artıb. Məsələn, bu sutka ərzində Bakıda 44 oğurluq hadisəsi qeydə alınıb. Onların əksəriyyəti xırda oğurluq hadisələridir.

Yanvarın 31-də oğurluğun qurbanı Ramana qəsəbəsinin 26 yaşlı sakini Valeh Hüseynov olub. Naməlum şəxs açarseçmə üsulu ilə onun evinin qıfılını açaraq içəri keçib. Bu yolla cinayətkar Hüseynovun mənzilindən 1 800 manat oğurlayıb. Bu oğurluq faktı polis idarəsinin 12-ci bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Yasamal rayonunda, Əsəd Əhmədov küçəsində yaşayan 55 yaşlı Akif Bəkirovun mənzilindən də oğurluq olub. Oğrular Bəkirovun evinə pəncərənin dəmir barmaqlığını qıraraq daxil olublar. Onlar mənzildən 2 300 manat götürüblər. Eyni üsulla Binəqədi rayon sakini, 43 yaşlı Cavanşir Eyyubovun evindən də pul oğurlanıb. Eyyubovun 1 515 manat pulu aparılıb.

Binəqədi rayonunda isə 39 yaşlı Seyran Qəmbərovun evindən oğrular 2 500 manat pul, dörd mobil telefon və qızıl-zinət əşyalarını götürüblər. Bütün sözügedən oğurluq faktları ilə bağlı araşdırma aparılır. Hələlik bu faktlarla bağlı saxlanılan yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top