Azərbaycanda "A/H1N1" qripinin yayıldığı rəsmən təsdiqləndi


"Hazırda dünyada, o cümlədən Azərbaycanda da hər il olduğu kimi mövsümi qriplər (A/H1N1) yayılıb".
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, A/H1N1 deyilən virus növü 10 ildir mövcuddur. H.Harmancı qeyd edib ki, Gürcüstanda hazırda A/H1N1 virusu geniş yayılır, amma bu virus ötən ildəki viruslardan fərqlənmir: "Gürcüstanda da bu virusun A/H1N1 olduğu açıqlanıb. Bütün Avropa ölkələrində oktyabrdan başlayaraq qrip virusu yayılmağa başlayıb. Hər ilin ikinci ayında laboratoriyalarda nəticələr gəlir və müzakirə aparılır. Yekun qərarda hansı virusun yayılması bəlli olur və mövsümü qrip peyvəndləri hazırlanır".
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə report-a bildirib ki, əgər ölkədə qrip virusu kütləvi şəkildə yayılarsa nazirlik bu hala qarşı mübarizə aparmaq üçün bütün tədbirləri həyata keçirmək gücündədir.
Məlumat üçün bildirək ki, dünən Ümumdünya Səhiyyə Təşkilatına istinadən Azərbaycanda 16 nəfərin "А/H1N1" virusuna yoluxduğunu qeyd etmişdik. Lakin, Səhyyə Nazirliyi açıqlama verərək qeyd edib ki, Azərbaycanda bu günə qədər donuz qripinə yoluxma halları aşkarlanmayıb: "Ümumdünya Səhiyyə Təşkilatına Taun əleyhinə stansiya tərəfindən hər hansı nümunə göndərilməyib. ÜST-ün hansı nümunələrə əsaslanaraq bu məlumatı yaydığı bizə məlum deyil".
Onu da qeyd edək ki, bütün dünyada indiyə kimi "А/H1N1" virusu "donuz qripi" kimi tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top