KİVDF aztırajlı qəzetlərə daha pul verməyəcək, 20-yə yaxını bağlana bilər

Bu gün KİVDF (Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu) Azərbaycanda çap mediasının dövlət tərəfindən maliyyələşdirilməsi qaydalarına yenidən baxıb və aztirajlı, satılmayan qəzetlərə maliyyə ayrılmasını dayandırıb.

KİVDF-in icraçı direktoru Vüqar Səfərli bu qərarı dünyada internet mediasının sürətlə inkişaf etməsi və çap mediasının tənəzzülə uğraması ilə əsaslandırıb. V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.

İcraçı direktor bildirib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.

Saytlar yazırlar ki, KİVDF-nin qəzetlərə maliyyə yardımı ayrılması qaydalarına yenidən baxmasından sonra aşağıdakı qəzetlərə fonddan pul verilməyəcək: "Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe”.

Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə "Səs”, "Yeni Azərbaycan”, "Yeni Müsavat”, "İki Sahil”, "Kaspi”, "Kaspiy”, "525-ci qəzet”, "Bakı Xəbər” və "Novoye Vremya” göstərilir. 
Qeyd edək ki, artıq "Bizim Yol" qəzeti çapını dayandırdığını bildirib. Bu barədə qəzetin baş redaktoru Bahəddin Həzi sosial şəbəkədə məlumat yayıb. Onun açıqlamasından belə məlum olur ki, eyniadlı nəşrin online versiyası fəaliyyətini davam etdirəcək. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top