Bakıda keçiriləcək builki “Formula-1” 60 milyon dollara başa gələcək


2019-cu ildə keçiriləcək “Formula-1” yarışı üçün Bakı 60 milyon dollar ödəyəcək.

Bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb.

"Azərbaycandakı yarış təxminən 60 milyon dollara başa gələcək. Özü də hər növbəti mərhələ, hələ Berni Ekklstounun vaxtında tətbiq olunan qaydalara əsasən (2017-ci ilə qədər "Formula-1"ə məhz o, rəhbərlik edib), əvvəlkidən 5-10% daha baha olacaq”, - deyə nəşr vurğulayıb.

Yeri gəlmişkən, bu il aprelin 26-28-də dördüncü dəfə keçiriləcək “Formula-1” Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu davam edir. Proses fevralın 28-də saat 17:00-da başa çatacaq.

Onu da qeyd edək ki, Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə 2019-cu il “Formula-1” dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-in rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top