Anası ilə qardaşını yandıran şəxs danışdı: Benzin alıb, evə qayıtdım


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Elan olunmuş ittiham üzrə V.Kolosov özünü təqsirli bilib və sərbəst ifadə verib. 

V.Kolosov bacısı ilə mübahisə etdiyi üçün evi yandırmaq qərarına gəldiyini deyib. 

O qeyd edib ki, bacısı tərəfindən heç bir səbəb olmadan 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirib: 

“Buna görə də mən oradan qaçıb, evə gəldim. Mənimlə bacım barışmadı. Mən də gedib, yanacaqdoldurma məntəqəsindən benzin alıb, evə qayıtdım. Sonra benzini töküb evi yandırdım”.

Daha sonra sualları cavablandırılan təqsirləndirilən şəxs deyib ki, anası ilə qardaşının evdə olduğundan xəbərsiz olub: 

“Elə bildim ki, bacım evdə təkdir. Anamla qardaşımın evdə olduğunu bilmirdim”.

Məhkəmə prosesi yanvarın 30-da davam etdiriləcək. 

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib.

Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.

Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top