1992-ci ildən Mingəçevirə pənah gətirən Laçın rayonun Pircan kəndindən məcburi köçkün Sulduz Həsənov yeniavaz.com saytına müraciət edərək üzləşdiyi problemi işıqlandırmağımızı istəyib. Belə ki, Mingəçevirdə "Dormaş" ərazisində yerləşən quşçuluq fermasında yaşayan bu ailə başına gələn problemi belə izah edir: "1992-ci ildən həmin ərazidə iki ailə olaraq yaşayırıq. 2010-cu ildə biz iki qonşu öz cibimizin vəsaiti ilə yaşadığımız həyətimizə 1 km bizdən kənarda olan qaz butkasından qaz xətti çəkdik. O dönəmdə bizim kommunal xidmətləri dövlət ödədiyindən bizə iki ailə üçün bir qaz sayğacı quraşdırıldı. Həmin sayğacda bizim həyətdən 700 m kənarda quraşdırıldı. Biz o sayğaca nəzarət edə bilmirdik. Çünki gecələr mal-heyvan dəfələrlə o xətti qırıdı. Biz də elə başa düşürdük ki, qaz idarəsi tərəfindən qaz kəsilib. Sən demə xətt qırıldığından qaz da havaya axıdılırdı. Bunun da pulu bizim sayğaca yazılırdı. Bu hal dəfələrlə baş verib. 2017-ci ildə dövlət tərəfindən həmin kommunalları bizə pul şəkilində verəndən sonra qaz idarəsi bizə alt abonent kimi 1050 manat məbləğində pul cəriməsi yazdılar. İndi Tərtər Regional Qaz idarəsi məni məhkəməyə verdi. Məndən xəbərsiz məhkəmədə mənə 988 manat mənə cərimə yazdırıb. Mənim imtina ərizəmdən sonra (işlətmədiyim qeyri-qanuni qaz puluna görə) məhkəmə işi mənim xeyrimə qətnamə çıxardı. İndi Tərtər qaz idarəsi məhkəmənin qərarını saymayaraq bu məbləği məndən tələb edir. Mən havaya axıdılan qazın pulunu niyə ödəməliyəm? Qaz idarəsi qışın günü iki gündən bir traktorla gəlib evimin qazını kəsməklə məni hədələyirlər. Evdə xəstə yoldaşım var. Mən evimə quraşdırılan qaz sayğacına işlətdiyim məbləği ödəyirəm. Qaz idarəsinə mənim borcum yoxdur. İndi qaz idarəsindən mənə onu da bildirilər ki, mənə smart tipli yenidən qaz sayğacı quraşdırsınlar və köhnə borcu da kart vasitəsilə məndən tutsunlar. Bu hansı qanuna, hansı insanlığa sığışan bir işdir. Xahiş edirəm mənim bu problemimi işıqlandırın. Harda görsənib ki,qaz idarəsinin əyir-əysiyini məcburi köçkün, imkansız bir vətəndaş ödəsin”.
Esmira Hidayətova, Mingəçevir.