“Rəsulzadə, Elçibəy və Heydər Əliyevə sayğını hər birimiz anlamalıyıq” - Deputat


“Türkiyədəki həmyerlimiz, iş adamı Mübariz Məsimovun gəmilərindən birinə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin adını verməsini çox alicənab bir addım kimi dəyərləndirirəm”.

Yeniavaz.com xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb.
Deputat bildirib ki, Azərbaycanın keçmişinə və bu gününə qlobal düşüncə rakursundan baxıldığında, bu millətin tarixində üç böyük siyasi xadimin - Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevin sayğı ilə anılmasının bir zərurət olduğunu enində-sonunda hər birimiz anlamalıyıq: “Kimsə bu şəxsiyyətlərdən hansısa birinə daha çox dəyər verə bilər, əlbəttə, bu hər kəsin haqqıdır, lakin dövlətimizin varlığının bu əsas sütunlarına illər ötdükcə birlikdə daha çox dəyər verəcəyimizə əminəm. Rəsulzadə Azərbaycan dövləti ideyasının müəllifi və bu dövlətin qurucusudur, Elçibəy, bu millətin azadlıq ideallarını şəkilləndirən və rus qoşunlarını ölkədən çıxaran bir şəxsiyyətdir, Heydər Əliyev isə Azərbaycan dövlətinin praktik mövcudluğunu təmin edən və müasir formasını düzənləyən bir şəxsiyyətdir. Ona görə də bu üç ad ətrafında uzlaşma həm də Azərbaycanlıların həmrəyliyinin əsas prinsiplərindən sayılmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top