1989-cu ildə satdığı maşına görə sürücüyə cərimə gəlib - FOTO


Bakı şəhər sakininə 1989-cu ildə satdığı VAZ 2103 markalı avtomobilə görə cərimə gəlib. Bu barədə Yeniavaz.com saytına məlumat verən sürücü Y. X bildirib ki, həmin avtomobilə həbs qoyulması ilə bağlı yaşadığı mənzilə məktub gələndə əvvəlcə heç nə anlamayıb: "Avtomobilin nömrəsini görəndə düşündüm ki, axı mənim belə bir maşınım yoxdur. Mənim VAZ 2103 markalı avtomobilim olub, onu da 1989-cu ildə satmışam. Həmin maşını alan şəxsin adını, soyadını unutmuşam, harada yaşadığını da bilmirəm. Avtomobilin hazırki sahibi cəriməni ödəmədiyi üçün nəqliyyat vasitəsinin saxlanılması barədə qərar verilib. Axı bu necə ola bilər ki, 30 il öncə satılan avtomobilin cəriməsi mənim adıma, mənim yaşadığım ünvana gəlir?".

Məsələ ilə bağlı Yeniavaz.com saytı hüquqşünasla dəqiqləşdirmə aparıb. Hüquqşünas deyib ki, ola bilsin vətəndaş Y.X. maşını etibarnamə əsasında satıb: "Etibarnamənin vaxtı bitdiyi üçün cərimə avtomatik olaraq maşının ilkin sahibinə gedir. Maşının sahibi sürücü Y. X. sayılır, etibarnamənin vaxtı bitib, elə ona görə cərimə məhz onun adına, yaşadığı ünvana gəlib. Əgər həmin vətəndaş problemin həllini istəyirsə, Respublika Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət etməli, bildirməlidir ki, həmin avtomobil məndə deyil, 30 il əvvəl satmışam, xahiş edirəm, nəzərə alasınız. Yaxud həmin avtomobil kimdədirsə, onu tapmaq üçün vətəndaş Y.X Yol Polisinə bildirməlidir ki, maşın saxlanılsın. Maşın saxlanıldığı təqdirdə, onun kimdə olduğunu müəyyənləşdirmək olar. Bu halda gedib ya həmin sürücüyə yenidən etibarnamə verməlidir, ya da ondan maşını öz adında keçirməsini tələb etməlidir. Yəni sabah bir problem olanda onun üzərində qalmasın. Çünki həmin cərimə ödənmədiyi təqdirdə, avtomobilin sahibi hesab olunan Y. X-nın sürücülük vəsiqəsinə məhdudiyyət qoyula bilər ki, bu halda onun digər avtomobilləri sürmək hüququ da olmaz".

DİGƏR XƏBƏRLƏR

Top