Rusiyanın "Daşınmaz əmlak kralları"nın ilk 5-liyində 3 azərbaycanlı - SİYAHI

 
Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan yəhudi əsilli Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri "Kievskaya ploşad" şirkəti olub. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan "Forbes" jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan "Rusiyanın daşınmaz əmlak kralları" adlı hesabatda yer alıb. Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus "Kievskaya ploşad" şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 565 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 30 milyon dollar artıb.
Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan "Evropeyskiy" ticarət mərkəzi (180 min kvadrat metr) və "Fud siti" kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda "Kievskaya ploşad" şirkətinin sərəncamında ümumi sahəsi 1 milyon 321,2 min kvadrat metr olan ticarət mərkəzləri, 69,3 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1550 otaqdan ibarət otel otağı var. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
"Rusiyanın daşınmaz əmlak kralları"nın siyahısında daha bir azərbaycanlı "Krokus Qrup" şirkətinin sahibi Araz Ağalarov yer alıb. 2016-cı ildə siyahıda 11-ci yerdə olan Araz Ağalarov 2017-ci ildə 6 pillə irəliləyərək 5-ci sıraya yüksəlsə də, ötən il ərzində mövqeyini dəyişməyərək 5-ci pillədə qərarlaşıb. Araz Ağalarov daşınmaz əmlakın icarəsindən 410 milyon dollar pul qazanıb. 2017-ci illə müqayisədə Araz Ağalarovun gəliri 40 milyon dollar artıb. Qeyd edək ki, "Krokus" şirkətinin sahibi 2015-ci il üçün tərtib edilən "Rusiyanın daşınmaz əmlak kralları"nın siyahısında 7-ci yerdə olub. Araz Ağalarova məxsus daşınmaz əmlaka "Krokus Ekspo" (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən "Vegas" ticarət mərkəzi (480 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 225 otaqlı otel var.
"Daşınmaz əmlak kralları" adlı hesabatın maraqlı tərəflərindən biri də odur ki, ilk onluqda yer alan iş adamlarının əksəriyyəti milliyyətçə rus deyil.
Qeyd etdiyimiz kimi ilk sırada əslən azərbaycanlı olan 2 iş adamı yer alıb. İkinci sırada dünyanın aparıcı mebel şirkətlərində olan və ötən ilin yanvar ayında 92 yaşında ölən İnqvar Kampradın qurucusu olduğu  İKEA-ya bağlı "İNGKA Sentr" şirkət (Əvvəllər "İKEA Moskva") yer alır. İsveç əsilli iş adamının qurucusu olduğu bu şirkət 2018-ci ildə Rusiyada daşınmaz əmlakın icarəsindən 865 milyon dollar qazanıb. Əvvəlki illə müqayisədə "İNGKA Sentr"in gəlirləri 25 milyon dollar artıb.
"Daşınmaz əmlak kralları"nın reytinqində 3-cü yerdə "Taşir" şirkətinin erməni əsilli sahibi Samvel Karapetyan dayanır. Samvelin daşınmaz əmlakdan əldə etdiyi bir illik gəlir 670 milyon dollar olub. 2017-ci illə müqayisədə ötən il "Taşir" şirkətinin gəlirləri 20 milyon dollar azalıb. Məlumat üçün onu da bildirək ki, "Taşir" şirkətinin rəhbəri Samvel Karapetyanın qardaşı Karen Karapetyanın 2008-2011-ci illərdə Ermənistanda Prezident Aparatının rəhbəri olub. Eyni zamanda Koçaryan və Sarkisyan cütlüyünün nəzarətində olan Respublikaçılar Partiyasından millət vəkili seçilib.
Növbəti yerdə - 4-cü sırada inquş əsilli 2 iş adamı Mikail Quçeriev və Sait-Salam Quçeriev gəlir. "Safmar" (əvvəllər "Qruppa BİN") şirkətinə rəhbərlik edən bu iş adamları ötən il daşınmaz əmlakdan 575 milyon dollar qazanıblar. Onların gəlirləri 2017-ci illə müqayisədə 25 milyon dollar azalıb.
6-cı sırada Aleksandr Klyaçin qərarlaşıb. "Gleden İnvest" (Əvvəllər "KR Properties") şirkətinin sahibi olan Aleksandr Klyaçin 2018-ci ildə daşınmaz əmlak sahəsindən 360 milyon dollar qazanıb.
Aleksandr Klyaçindən sonra Rusiyanın ən böyük "əmlak kralları" arasında Türkiyənin "Enka" şirkətinin sahibi Şarık Tara qərarlaşıb. 2017-ci ildə 11-ci sırada olan Tara ailəsi ötən il 4 pillə irəliləyib. Onun Rusiyada daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc isə 325 milyon dollar olub. Türkiyəli iş adamının gəlirləri əvvəlki illə müqayisədə 25 milyon dollar artıb.
Rusiyanın ən böyük 8-ci əmlak "kralları" olan "O1 Properties" şirkətinin sahiblərinin daşınmaz əmlakdan əldə etdikləri gəlir 295 milyon dollar olub.
Siyahının 9-cu pilləsində Belarus əsilli ata və oğul - Yuri və Aleksey Xotinlər yer alıblar. "Kompleks investisiyalar" şirkətinin sahibi olan bu iş adamlarının illik qazancları isə 285 milyon dollar olub.
İlk 10-luğu kürd əsilli iki qardaş - Alixan və Amiran Muçoev qardaşları tamamlayır. "Qruppa regiona" şirkətinin sahibi olan bu qardaşlar 2018-ci ildə daşınmaz əmlakın icarəsindən 280 milyon dollar qazanıblar. Məlumat üçün onu da qeyd edək ki, Alixan və Amiran Muçoev qardaşlarının atası Zelimxan Muçoev Rusiyanın ən varlı adamlarından hesab olunur. Tbilisidə anadan olan Zelimxan Muçoev hazırda Rusiya parlamentində hakim "Vahid Rusiya" partiyasını təmsil edir.
 
 

DİGƏR XƏBƏRLƏR

Top