Daha əvvəl özünü müvəqqəti dövlət başçısı elan etmiş ölkə parlamentinin spikeri Xuan Quaido ilə görüşməyə hazıram. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müxalifət ilə dialoq üçün kanal həmişə var: “Əgər bu oğlanla görüşmək lazım olacaqsa, bu gün, sabah və həmişə mən hazıram. Lazım gələrsə, görüşə səhər saat üçdə, çılpaq getməyə hazıram. Mən gələcəm, dialoqa hazıram”.
Prezident qeyd edib ki, öz postunu buraxmaq üçün heç bir səbəbi yoxdur. N. Maduro ABŞ Prezidenti Donald Tramp Administrasiyası ilə əlaqələrin, o cümlədən siyasət və diplomat sahəsində əlaqələrin kəsildiyini elan edib: “Mən Donald Tramp hökuməti ilə siyasi və diplomatik əlaqələri kəsdim, ABŞ ilə münasibətləri dayandırmıram. Bu ölkə ilə münasibətlərimiz davam edir və heç vaxt olmadığı qədər çiçəklənəcək. Mən antiimperialistəm, lakin ABŞ-ı sevirəm”.
O əlavə edib ki, əgər Vaşinqton alacaqsa, Karakas Amerikaya neft satmağa davam edəcək: “Biz satdığımız hər şeyi satmağa davam edəcəyik. Əgər onlar bizdən kartof alsalar, biz onu satacağıq, soğan alsalar onu satacağıq. Əgər neft alırlarsa onu satacağıq. Əgər almasalar, başqa yerə satacağıq”.