İmişlidə qanunsuz balıq ovlayan şəxslər tutulub


Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin BQM-nin və BEMB-nin İmişli XPM-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan bir neçə şəxs yaxalanıb.

İdarədən Yeniavaz.com-a verilən məlumata görə, 1994-cu ildə İmişli rayonunun Gövhərli kəndində anadan olan Cəfərov Əlirza Fəramiz oğlu, həmin kənddə pasport qeydiyyatında olan və yaşayan Qarayev Qara Mahir oğlu İmişli rayonu Xəlfəli kəndi istiqamətində Araz çayı ilə Baş Mil-Muğan Kollektorunu birləşdirən kanaldan qanunsuz balıq tutarkən saxlanılıblar. 

Yoxlama zamanı onlardan bir ədəd rezin qayıq, iki ədəd avar, bir ədəd akkumulyator, bir ədəd gərginlik artıran cihaz, üç hissəsində elektrik naqili bağlanmış “domça” adlandırılan balıqovlama vasitəsi və ümumi çəkisi 5,5 kq olan 27 ədəd durna balığı, səkkiz ədəd dabanbalığı və iki ədəd lilbalıq balıqları aşkar edilərək, maddi sübut kimi götürülüb.

Adları çəkilən şəxslər Azərbaycanın müvafiq qanunvericiliyinə zidd olaraq elektrik avadanlığı ilə balıqları kütləvi şəkildə məhv edərkən yaxalanıblar. Onlar su polislərini gördükləri an işlək vəziyyətdə olan elektrik avadanlığını suya atıblar.

Sonradan həmin avadanlıq taxta vasitəsilə sudan çıxarılıb. Əvvəllər bu cür kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə brakonyerlər balıq tutmaq istəyərkən dəfələrlə ölüm hadisəsi baş verib və həmin aparat özlərini vurub öldürüb.

DİGƏR XƏBƏRLƏR

Top