
“Övladım serebral iflicdir, onun müalicəsinə pul çatdıra bilmirəm. Xəstəliyini müalicə etdirmək üçün kredit götürmüşdüm, banklara borcum var. Borcu da ödəməyə çətinlik çəkirəm .Tək anayam, bir övladımla aldığım 140 manat maaşla dolana bilmirəm. Övladımın da gözlərimin önündə əzab çəkməsi məni çarəsiz vəziyyətdə qoyub”.
Bu sözləri Yeniavaz.com saytına müraciətində Mingəçevir şəhəri, Təbriz 7 ünvanında yaşayan Durna Rüstəmova deyib.
D. Rüstəmova bildirib ki, 2015-ci ildə əlil oğlunu əməliyyata aparmalı imiş, pulu olmadığından məcbur olub tanıdığı bir insana - Yeganə Mirzəyevaya evinin sənədini verib, ondan 500 manat pul alıb.
Y. Mirzəyeva isə öz ev sənədini, həmçinin Durna xanımın sənədini banka girov qoyaraq, 15 min manat kredit götürüb. Artıq 4 ildir ki, banka pul ödənilmədiyindən Durnanın evi əlindən alınmaq üzrədir.
Mingəçevir məhkəməsində bununla bağlı qətnamə də çıxarılıb.
Durna xanım deyir ki, süpürgəçilik edib, xəstə uşağa baxıram: “İmkanım və savadsızlığımın ucbatından oyuna gəldim. Dəfələrlə Yeganə xanıma bildirdim ki, evimin sənədini qaytar”.
Amma dediyinə görƏ Yeganə adlı şəxs buna məhəl qoymayıb.
Durna xanım düşdüyü problemlə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə də müraciət edib.
Bildirib ki, bankın pulu ödənməsə, ev əlindən alınacaq.
Xəstə uşaqla gedəcək yeri olmayan Durna Rüstəmova problemlə bağlı aidiyyatı qurumlardan kömək istəyir.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz