Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problem yaşanır


“Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var”.

Bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova deyib.

Onun sözlərinə görə, Azərbaycanda 5 yaşadək uşaqların orta hesabla 18 faizi öz yaşına uyğun boya malik deyil.

T.Cəmilova əlavə edib ki, 5 yaşadək uşaqların hər üçündən biri anemiyanın müxtəlif dərəcələrindən əziyyət çəkir:

“Yəni bir sıra narahatedici məqamlar var. Digər tərəfdən, uşaqların xəstələnməsi vəziyyəti ilə bağlı xeyli yaxşılaşma müşahidə olunur. Körpə ölümü göstəricisi ildən-ilə azalır. Hətta BMT-nin hesablamaları üzrə bu göstəricilər aşağıya doğru yerini dəyişir”.

UNICEF-in proqram rəhbəri uşaqların sağlamlıq vəziyyətinin göstəriciləri ilə bağlı sonuncu dəfə 2013-cü ildə Səhiyyə Nazirliyi ilə birgə araşdırma apardıqlarını da açıqlayıb.

Qeyd edək ki, 2017-ci ildə (2018-ci il üzrə statistik göstəricilər hələ açıqlanmayıb) 29 167 (2016-cı ildə 28 948) uşağa ilk dəfə anemiya diaqnozu, 1026 uşağa (2016-cı ildə 982) ilk dəfə olaraq boy artımının ləngiməsi və zəiflik, 254 uşağa (2016-cı ildə 353) yod çatışmazlığı, 23 uşağa isə (2016-cı ildə 67) A vitamini çatışmazlığı diaqnozu qoyulub.(trend)

DİGƏR XƏBƏRLƏR

Top