"Google"nin əsas səhifəsinə "düşən" iki məşhur azərbaycanlı


"Google" Bakıda anadan olan Nobel mükafatının sahibi Lev Landaunun 111 yaşının tamam olması münasibətilə xüsusi "doodle" hazırlayıb.  Qeyd edək ki, "doodle" "Google"nin əsas səhifəsində yer alan loqonun bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə həsr edilən görüntüsüdür.
Yeniavaz.com xəbər verir ki, Lev Landau "Google"nin əsas səhifəsinə "düşən" ikinci azərbaycanlı hesab olunur. Bundan əvvəl - 18 sentyabr 2013-cü ildə "Google" dahi Azərbaycan bəstəkarı Üzeyr Hacıbəyovun anadan olmasının 128-ci ildönümünə  həsr edilən "doodle" hazırlayıb.
Onu da bildirək ki, "Google" hazırladığı Azərbaycanla bağlı daha bir "doodle" 2013-cü ilin 18 oktyabr tarixində yayımlanıb və bu görüntü Azərbaycanın milli müstəqilliyinə həsr olunub. Həmin "doodle"də  Azərbaycanın gerbi və bayrağın rəngləri yer alıb.
Bunlardan başqa "Google" hazırladığı heç bir "doodle"ni birbaşa olaraq Azərbaycana həsr etməyib. Lakin, 2011-ci ildən etibarən hər ilin 21 mart tarixində yayımladığı və Novruz  bayramına həsr etdiyi "doodle"lərdə Azərbaycandan bəhs olunub. Onu da bildirək ki, "Google" 2011-ci ilə kimi 21 mart tarixini İranın "Yeni il" bayramı kimi qeyd edib. Bu tarixdən sonra isə Novruz bayramı bölgədə yaşayan xalqların ortaq bayramı kimi təqdim olunur.
Məlumat üçün qeyd edək ki, "Google" ilk "doodle"ni 1998-ci ildə hazırlayıb. "Google"nin qurucuları olan Larri Peys və Sergey Brin iştirak etdikləri bir tədbir barədə məlumat vermək üçün  loqonun üzərində kiçik dəyişiklik aparıblar və bu, tarixə ilk "doodle" kimi düşüb.


 

DİGƏR XƏBƏRLƏR

Top