Rusiya Suriya hakimiyyətinin kürdlələ dialoq qurmasını dəstəkləyir. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu cür dialoq şübhəsiz Suriya cəmiyyətinin birləşməsinə və milli barışığa xidmət edəcək, təkcə Suriyanın deyil, həm də bütün qonşu dövlətlərin xeyrinə olacaq. V. Putin qeyd edib ki, Suriyada terrorçularla mübarizə davan edəcək, hərbsizləşdirilmiş zonalarda hərbi əməliyyatların dayandırılması rejiminin dəstəklənməsi onun zərərinə getməməlidir.
Onun sözlərinə görə, Suriya və Türkiyə arasında terrorla mübarizə haqqında 1998-ci il tarixli müqavilə baza təşkil edir və Türkiyənin cənub sərhədlərində öz təhlükəsizliyini təmin etməklə bağlı bir çox məsələləri bağlayır: “Rusiya tərəfi öz təhlükəsizliyini təmin etmək sahəsində türk dostlarımızın maraqlarına hörmətlə yanaşır”.
Rusiya lideri qeyd edib ki, türkiyəli həmkarı ilə İdlibdəki vəziyyəti çox ətraflı müzakirə edib: “Görürük ki, türkiyəli dostlarımız bufer zonanın yaradılması və təhlükəsizliyinin təmin edilməsi üzrə bütün razılaşmalarımıza əməl etmək üçün xeyli səy göstərir. Hələlik təəssüf ki, orada çoxlu problem var, bütün bunları görürük. Razılığa gəldik ki, işimizi yaxın vaxtlarda əlaqələndirək”.