Azərbaycanda işsiz insanların sayı son 8 ildə ən yüksək səviyyəyə yüksəlib - CƏDVƏL


Bu ilin əvvəlinə olan məlumata görə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 133,1 min nəfər olub və onlardan 4 milyon 879,3 min nəfərini məşğul əhali təşkil edib. Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı məşğul əhalinin sayından daha çox artıb. Bu isə o deməkdir ki, ölkədə işsizlərin sayı artıb.
Son bir il ərzində ölkədə iqtisadi fəal əhalinin sayı 59,3 min nəfər, məşğul əhalinin sayı isə 57,2 min nəfər artıb. Nəticədə ölkədə işsiz insanların sayı 2,1 min nəfər artaraq 253,8 min nəfərə yüksəlib.
Onu da bildirək ki, işsiz insanların sayının 2,1 min nəfər artdığı 2018-ci ildə Azərbaycanda 12 min 504 yeni müəssisə və təşkilat yaradılıb, 627-si isə bağlanıb. Nəticədə, son bir ildə ölkədəki müəssisə və təşkilatların sayı 118 min 594-dən 130 min 323-ə yüksəlib. Eyni zamanda fərdi sahibkarların sayı son bir ildə 47 min 836 nəfər artaraq 794 min 441 nəfərdən 842 min 277 nəfərə çatıb.
Maraqlıdır ki, minlərlə yeni müəssisə və təşkilatların yaradılmasına, onminlərlə yeni fərdi sahibkarın qeydiyyata alınmasına baxmayaraq ölkədə işsizlərin sayı artıb.
Eyni zamanda ölkədə işsiz insanların sayı son 8 ildə ən yüksək səviyyəyə yüksəlib:
 
İllər İşsizlərin sayı,
min nəfər
1 yanvar 2012 250,9
1 yanvar 2013 243,1
1 yanvar 2014 236,6
1 yanvar 2015 237,8
1 yanvar 2016 243,7
1 yanvar 2017 252,8
1 yanvar 2018 251,7
1 yanvar 2019 253,8
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top