"Babək prospektində piyada keçidlərinin qoyulmaması mühəndis səhvidir" - Deputat


Bakının yenicə təmir edilən əsas prospektlərindən birində - Babək prospektində piyada keçidlərinin olmaması ilə bağlı məlumat bir neçə vaxtdır ölkə KİV-lərində yayımlanır. Avtosfer.az saytının yaydığı məlumatda bildirilirdi ki, hazırda prospektdə ən ciddi problemlərdən biri də piyada keçidlərinin olmamasıdır: "Əvvəllər bir neçə yerdə nizamlanmayan keçid - "zebra" var idi, bəzi nöqtələrdə isə işıqforla nizamlanan keçidlər qoyulmuşdu. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi o boyda prospekti təmir edəndən və işlərin başa çatdığını rəsmən elan edəndən sonra məlum olub ki, piyadalar üçün keçid qoyulmayıb".
Mövzu ilə bağlı Yeniavaz.com saytı millət vəkili Fəzail Ağamalıdan münasibət öyrənib.
Qeyd edək ki, hələ ötən ilin iyun ayında Bakı-Sumqayıt yolunda aparılan təmir işləri zamanı yaranan narahatlıqlarla bağlı tənqidi fikirlərini bildirənlərdən biri də deputat Fəzail Ağamalı olmuşdu.
F. Ağamalı Babək prospektindəki problemlə bağlı isə saytımıza bunları deyib: "Mən yol üzrə mütəxəssis deyiləm. O vaxt əhalinin böyük narazılığına səbəb olan Bakı-Sumqayıt yolunun bir hissəsi idi, orda çox problem yaşanırdı. Təbii ki, mən onu deməli idim və orda sonra işlər qaydasına düşdü, alternativ yolları qaydasına saldılar. İkinci xətt təmir ediləndə heç olmasa, 1-ci hissədə hərəkətə icazə verildi. Yəni mühəndis işləri gedəndə, təmir aparılanda bütün bunların hamısı nəzərə alınmalıdır. Bakının yolları təzələnməlidir, təbii ki, təmir olunmalıdır. Bunların hamısı normal bir şeydir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də ədalət naminə demək lazımdır ki, son vaxtlar yolların çəkilməsi ilə bağlı kifayət qədər işlər görür, cəhdlər göstərir. Bu, sevindirici haldır. Babək prospektində təmir zamanı piyada keçidi çəkilməyibsə, təbii ki, bu da mühəndis xətasıdır. Bu mühəndis xətası aradan qaldırılmalıdır. Gediş-gəliş yerlərində, xüsusilə, əhalinin intensiv istifadə etdiyi yerlərdə həm yerüstü, həm də yeraltı keçidlər qoyulmalıdır ki, piyadalar rahat, təhlükəsiz şəkildə keçə bilsinlər. Ona görə də düşünürəm ki, bu, mühəndis xətasıdır. Yəqin ki, o mühəndis xətası da aradan qaldırıla bilər".
F. Ağamalı deyib ki, Azərbaycanda bir çox sahələrdə mühəndis işində problem var: "Görünən budur ki, mühəndis çatışmazlığı var. İstər yol təsərrüfatı ilə, istər digər təsərrüfatlarla məşğul olanlar mühəndislik işinə xüsusi diqqət və əhəmiyyət verməlidir.
Gənclərimiz təkcə Azərbaycanda mühəndislik üzrə ixtisasları qurtarmaqla işini yekunlaşdırmalı deyil. Bundan başqa, ali məktəblərlə əlaqə saxlanılmalı, istedadlı, qabiliyyətli məzunları işə götürüb daha yüksək mühəndislik təcrübəsi olan xarici ölkələrə - bu, Türkiyədə yüksək səviyyədədir - göndərmək olar. Orada kurs keçə, təcrübə qazana və gəlib Azərbaycanda mühəndislik işini apara bilərlər. Bizdə ümumiyyətlə, bütövlükdə mühəndis işində problem var və bu əzabı "Azəravtoyol" da çəkməkdədir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top