Dayanma-durma nişanları ilə bağlı daha bir dəyişikliyə hazırlıq gedir - RƏSMİ


"Əgər bir küçədə dayanma və durmanı qadağan edən nişan varsa, orada avtomobili nəinki 1 dəqiqə, heç 1 saniyədə saxlamaq olmaz". Bu sözləri Yeniavaz.com saytına açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, paytaxtda BNA tərəfindən dayanma və durma, parklanma qaydalarına nəzarətin icrası, bu sahədə nizam-intizamın yaradılması istiqamətində tədbirlər davam etdirilir. BNA rəsmisi qeyd edib ki, müxtəlif ərazilərdə insan faktoru olmadan, avtomatik rejimdə fəaliyyət göstərən müşahidə kamerları qaydaları pozan sürücülərin qeydə alınması prosesini fasiləsiz rejimdə həyata keçirir.
Mais Ağayevin sözlərinə görə, qayda pozuntularının kameralar vasitəsilə qeyd alınması prosesinə başlanıldığı 1 həftə ərzində daim sıxlıq müşahid olunan küçə və prospektlərdə vəziyyət xeyli dəyişib: "1 həftədir ki, dayanma və durmanın pozulmasına görə cərimə yazılır, biz ötən bu günlər ərzində həmin yerlərdə monitorinq apardıq və yoxladıq görək nə effekti var? Məlum oldu ki, artıq müsbət effektlər hiss olunur, xüsusilə mərkəzi küçələrdə parklanma qaydasının pozulması hallarında azalma müşahidə olunur. Şəhərin mərkəzi küçələrində, prospektlərdə nəqliyyat axını intensivləşib, normallaşıb".
BNA-nın mətbuat katibi deyib ki, nəqliyyat axınının normallaşmasını nəzərə alaraq, təhlillər aparılır: "Dayanma və durma qadağandır 3.27 yol nişanının qüvvədə olduğu küçələrdə müəyyən dəyişiklik ediləcək. Təhlillər aparılacaq və biz görsək ki, artıq parklanma qaydaları pozulmur, nəqliyyatın hərəkətində intensivlik artır - həmin küçələrdə 3.27 yol nişanı, yəni dayanma və durmanı qadağan edən nişan 3.28 nişanı - durmanı qadağan edən nişanla əvəz edilə bilər. Ola da bilər ki, 3.27 nişanının günün müəyyən saatlarında, iş və ya qeyri-iş günlərində qüvvədə olması məsələsinə baxılacaq. Növbəti ay bununla bağlı konkret addımlar atılacaq".
"Gün ərzində dayanma və durma, parklanma qaydalarına pozan sürücülərin cərimə edilməsi ilə bağlı limit varmı?" sualımıza Mais Ağayevin cavabı belə olub: "Xeyr, limit yoxdur. Məsələn, dünən belə bir hal olmuşdu - bir sürücü müraciət etmişdi ki, ona 1 gündə eyni anda 2 cərimə mesajı gəlib. Araşdırdıq və məlum oldu ki, sadəcə mesaj eyni anda gedib. Halbuki, həmin sürücü qaydanı ayrı-ayrı yerlərdə pozub, cərimələr də məhz buna görə gəlib. Demək istəyirəm ki, sürücü gün ərzində dayanma və durma, parklanma qaydalarına 50 dəfə də pozsa, cərimə olunacaq. Deyək ki, bir sürücü işıqforun qırmızı işığında keçib və ona cərimə yazılıb, onda həmin sürücü bütün gün dayanmadan qırmızı işıqda keçməlidir? Kim qaydanı nə qədər pozacaqsa, o qədər də cərimələnəcək".
 
Nicat

DİGƏR XƏBƏRLƏR

Top