
Bu il yanvarın 1-dən ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri artıb. Dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomillərin idxalına tətbiq edilən aksiz vergisi artırılıb. Belə ki, avtomobillərin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəlib. Bu da artıq yanvarın 1-dən etibarən maşın bazarında durğunlaşmaya, alğı-satqının azalmasına gətirib çıxarıb.
İqtisadçı-ekspert Rəşad Həsənov Yeniavaz.com-a açıqlamasında deyib ki, bu hal yaxın zamanda öz həllini tapa bilər: “Maşın bazarı fərdi qərarqəbuletmə ilə fəaliyyət göstərir. İqtisadi qanunauyğunluğa əsasən kəskin qiymət artımı müşahidə olunursa, bu zaman təbii ki, qərarqəbuledicilər müəyyən dövr ərzində tərəddüd edirlər. İstehlak gücü qiymət artımı qarşısında zəifləyir, bu da bazara neqativ təsir göstərir. Tələbdə formalaşan geriləmənin əsas səbəblərindən biri odur ki, qiymətlər artır. Səbəb budur ki, vergi məcəlləsinə edilən dəyişikliklər son nəticədə idxal olunan avtomobillər üçün aksiz vergisini kəskin şəkildə artırır. Əslində aksiz vergisinin artırılacağı ötən ilin oktyabr-noyabr aylarından proqnozlaşdırılan idi, çünki bununla bağlı məlumatlar artıq o dövrdən ictimailəşdirilmişdi. Bunun qarşısında bazarda qiymətlər artdı, bu da son nəticədə tələbin həcminə öz neqativ təsirini göstərdi. Hazırkı proses məhz bununla izah olunur. Növbəti dövrlərdə təbii ki, bazarda qiymətin optimallaşması prosesi müşahidə olunmalıdır. Ehtimal olunur ki, aksiz vergisinin yüksəldilməsi ilə müşahidə olunan qiymət artımı, idxalçıların alğı-satqı zamanı yaranan əlavə xərclərin bir qismini qarşılaması ilə normal hal ala bilər. Bununla da bazarda canlanma müşahidə oluna bilər”.
Ekspert həmçinin bildirib ki, 2019-cu ildə manatın məzənnəsi haqqında proqnozlaşdırma aparmaq çətindir, lakin, devalvasiya olarsa maşın bazarındakı vəziyyət indikindən də pis hal ala bilər: “Hazırda manatın məzənnəsi ilə bağlı proqnozlaşdırma aparmaq çətindir, çünki məzənnə bazarda formalaşmır, diktə əsasında formalaşır. Hazırda müxtəlif yanaşmalar var bu mövzuda. Maliyyə Nazirliyi də daxil olmaqla, hökumətin müəyyən qurumları manatın devalvasiyasında maraqlıdır, çünki burada müxtəlif əsaslandırmalar var. Həm ixrac qabiliyyətinin güclənməsi, həm gəlirlərin artımı istiqamətində yeni bazanın formalaşdırılması, həm turizm sektorunda rəqabətin təmin edilməsi, yerli istehsalın rəqabətliliyinin qorunması və s. Digər tərəfdən isə əhali manatın məzənnəsinin ucuzlaşdırılmasında maraqlı deyil, çünki son nəticədə manatın devalvasiyası əhalinin sosial rifahının daha da pisləşməsinə gətirib çıxaracaq. Həmçinin avtomobil alğı-satqısında mühüm əhəmiyyət daşıyan bank sektoru köhnə borcların ödənməsi ilə bağlı daha ciddi çətinliklərlə üzləşəcək. Hazırda əhalinin mövqeyini daha güclü hesab etmək olar, çünki, bu daha böyük bir kütlədir. Bu da qərarqəbuletmədə onların rolunun daha güclü olduğunu deməyə əsas verir. Amma manatın məzənnəsinin inkişaf ssenarisinin neftin qiymətindən asılı olacağı da birmənalı faktdır. Əgər manat ucuzlaşarsa bu maşın bazarına da öz təsirini nəzərə çarpacaq dərəcədə göstərəcəkdir. Çünki ölkədə maşınların əhəmiyyətli bir qismi idxaldır ki, bu da ümumi göstəricinin 96 faizdən çox hissəsini təşkil edir. Buna nəzərən manatın devalvasiyası avtomobillərin qiymətinin manat hesabı ilə yüksəlməsinə və bazarın daha da durğunlaşmasına gətirib çıxara bilər”.
Şahmərdan Əhmədli