"AAAF Park" Yaşayış Kompleksində 1a və 1b saylı binalarda yaşayan sakinlər mavi yanacaq və istilik verilmədiyindən evlərini elektrik enerjisi ilə qızdırırlar ki, bu da xəttin yüklənməsinə, transformatorun tez-tez partlamasına səbəb olur. Bu barədə Yeniavaz.com saytına müraciətində adıçəkilən binaların sakinləri məlumat veriblər: "Binaya istilik verilmir, qaz da yoxdur. İşıqlar isə xətt çox yükləndiyindən hər gün sönür. Srağagün transformator partladı, dünən Xırdalanın işıqları söndü, bu gün də transformator yenidən partladı. Hər dəfə təmir prosesi 4-5 saat çəkir və bu müddət ərzində evlərimiz olur buz".
Sakinlərin dediyinə görə, bina tikiləndə istilik sistemini düz qoşmayıblar, üstəlik, qazanxananı ofis edib, icarəyə veriblər: ""AAAF Park" Yaşayış Kompleksinin digər bir çox binalarında qaz var, ancaq bizim binalara verilməməsinin səbəbi sayğacdır. Sayğacın pulunu yığıblar amma qaz verən yoxdur. Yorulmuşuq ora-bura getməkdən. "AAAF Park"da sayğac işinə baxan adam var, indi onunla danışdıq, deyir rəhbərlik heç işçilərin maaşını verə bilmir. Bu 2 binanın transformatoru partlayanda o biri binaların da transformatorları xarab olur. Evimiz buz kimidir.
1b binalarının sakinləri dəfələrlə ərizə yazıblar. Keçən ilin yanvar ayında binaya qaz xətti çəkdilər, dedilər ki, yaxın vaxtlarda mənzillərə mavi yanacaq veriləcək. Sonra dedilər qaz verilməyəcək, istilik sistemi olacaq. Dekabr ayında dedilər binaya istilik sistemi düz çəkilməyib, istilik də olmayacaq. Sonra bildirdilər ki, sayğac yoxdur, qaz da verə bilməyəcəyik. Guya ölkədə sayğac yoxdur. Normal günlərdə, yəni elektik qızdırıcısı işlətməyəndə ayda 70-80 manat işıq pulu gəlir. Elə ki, hava soyuyur, səhərdən axşamadək elektrik qızdırıcısı işlədirik, ayda minimum 200-250 manat işıq pulu gəlir.
Biz demirik ki, günü sabahdan binamıza sayğac qoysunlar, heç olmasa, istilik versinlər, heç olmasa, işıqlarımız gündə sönməsin ki, bu soyuq qış günlərində evimizdə donmayaq".
"Sakinlər haqlıdılar"
"AAAF Park" Yaşayış Kompleksində qaz sayğaclarının quraşdırılmasına cavabdeh olan Eldəniz adlı şəxs isə Yeniavaz.com saytına açıqlamasında problemə belə münasibət bildirib: " Sözügedən binalarda tam yaşayış olmadığına görə, pullar tam yığılmır. Yaşayış az olduğu üçün faktiki orada yaşayan sakinlər hətta sayğac pulunu ödəsələr belə, qazlaşdırmaq olmur. Həmin binalara qaz boruları çəkilib, açığı, planda idi, yayda verilməli idi, vəsaitə görə qalıb. Söz veriblər ki, həmin binalarda sayğaclaşma olacaq. Bu gün də həmin binaların işığı sönüb, mən özüm də orada idim. Həqiqətən, acınacaqlı vəziyyətdir, orada istilik də yoxdur. Şirkət maksimum çalışır ki, o binalarla bağlı nə isə etsin. Problem sırf vəsait çatışmamazlığıdır", - deyə AAAF rəsmisi bildirib.
O, 1a və 1b saylı binalara istilik sisteminin düz çəkilməməsi barədə məlumatının olmadığını dedi: "Onu gərək podratçı şirkətlə və iş adamları ilə danışasınız, biz adi, sıravi işçilərik, o barədə məlumat verə bilmirik. Mən də sakinlərdən eşitmişəm ki, orada sistem düzgün qurulmayıb".
"Sözügedən binalara mavi yanacağın təxminən nə vaxt verilməsi gözlənilir?" sualımıza həmin şəxs belə cavab verdi: "Real bir şey olsa, sizə ətraflı məlumat verərdim, mən özüm də dəqiq bir söz deyə bilmirəm. Yaxşı olar ki, sakinlər sivil qaydada sabah gəlsinlər, rəhbərliklə görüş təyin etsinlər, lap mən özüm də onların yanında olum, heç bir problem yoxdur. Onlara deyilən sözü mən də eşidim. Açığı, sakinlər haqlıdılar, çünki mən də bu deyilənlərin şahidi olmuşam. Mən burda yeni işçiyəm, yayda gələndə gördüm ki, 1a və 1b binalarına boru çəkilir, dedilər ki, bura sayğac qoyulacaq, qaz veriləcək. Amma sonra bu iş yubandı ki, "Azəriqaz" İstehsalat Birliyində sayğac yoxdur. Dedilər ki, qaz noyabrın 15-də veriləcək. Həmin vaxt da keçdi, bildirdilər ki, maksimum yeni ilə kimi veriləcək, sonra da sayğacın ümumiyyətlə alınmadığı məlum oldu. Podraçtı dedi ki, mənə pul tam şəkildə verilməyib, pulum yoxdur. Binanı tikən isə deyir orda yaşayış cəmi 10 faizdir, mən necə ödəyim? Məsələ belə uzana-uzana gedir.
İstilik yox, evlər buz kimidir. Hamı köçüb gedir şəhərdə kirayə qalır, bəziləri atası evinə gedir. Söhbət sırf həmin 1a və 1b saylı binalardan gedir".
Bu məqamda qeyd edək ki, sakinlər AAAF rəsmisindən fərqli olaraq bildirirlər ki, təkcə 1b saylı binada mövcud 54 mənzilin 30-da yaşayış var və əksəriyyət sayğac pulunu tam ödəyib.
"AAAF Park"ın mətbuat katibindən münasibət...
"AAAF Park"ın mətbuat katibi Kənan Məstəliyev isə Yeniavaz.com saytına problemin səbəbi ilə bağlı bunları bildirib: "Həmin binaya qaz xətti çəkilib, sadəcə sayğac problemi var. Biz də podratçı şirkətlər vasitəsi ilə, yəni qanunauyğun olaraq növbəyə durmuşuq, sayğac gözləyirik. Düzdür, sakinlərin sayğaca görə ödənişlərində problemləri var, yəni onların çox hissəsi ödəməyib, amma problem bu deyil, sayğac gələndən sonra qoşub, ödənişləri sonra da ala bilərik. Şirkət bu barədə problem yaratmır. Biz sadəcə olaraq sayğac gözləyirik, problemin səbəbi budur ki, sayğac yoxdur.
Ölkəyə sayğacın gətirilməsi qaydası var - növbəyə uyğun olaraq biz gözləyirik.
Yəqin ki, çox qısa müddətdə problem həll olacaq, rəhbərlik bu barədə çalışır. Başqa ekstra, həll olunmayacaq bir məsələ yoxdur".
1a və 1b saylı binalara istilik sisteminin düz çəkilməməsi barədə deyilənlərə gəlincə, Kənan Məstəliyev bu barədə məlumatının olmadığını deyib: "Bu barədə mənim məlumatım yoxdur. Mən birbaşa rəhbərlikdən aldığım son məlumat budur ki, o binaya qaz veriləcək, bunun qarşısını alan yeganə səbəb sayğacın alınması məsələsidir. Sayğac "AAAF Park" Yaşayış Kompleksinə gələn kimi, onu qoşmaq üçün çox qısa vaxt lazımdır. Sayğacı gedib bazardan almaq olmur, bunun bir qaydası var".
"Azəriqaz" rəsmisi iclasa gedir və ya niyə konkret bir söz demədi?
Probemlə bağlı "Azəriqaz" İstehsalat Birliyindən də münasibət öyrənməyə çalışdıq. Birliyin mətbuat xidmətinin rəhbəri yeni binaların qazlaşdırılması prosesi və bu istiqamətdə görülən işlər barədə ümumi məlumat versə də, "AAAF Park" Yaşayış Kompleksinin sayğac növbəsində olub-olmadığı, siyahıda neçənci yerdə olduğu barədə konkret məlumat vermədi və iclasa getdiyini dedi...