Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTBETİ) 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “20 yanvar – tariximizin qanlı və şanlı səhifəsidir” mövzusunda konfrans keçirilib. Yeniavaz.com-un məlumatına görə, konfrans iştirakçıları 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Konfransı giriş sözü ilə institutun direktoru, dosent Vüqar Bəşirov açaraq qeyd edib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçir. 20 yanvar hadisəsi xalqımızın tarixində həm faciəli gün, həm də qəhrəmanlıq səhifəsi kimi yadda qalır. 20 yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq mübarizəsinin simvoluolmaqla totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının azadlıq, müstəqillik arzularını boğmaq üçün Bakıda dəhşətli qırğın törədən sovet imperiyasına ilk etiraz səsini ümummilli liderimiz Heydər Əliyev yüksəldib. Ulu öndər yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi pisləyərək sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edib.
Anım mərasimində çıxış edən natiqlər çıxış edərək bildirdiriblər ki, 20 Yanvar faciəsinin Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi.Xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir və bu faciəli, həm də qürürverici hadisənin mahiyyətini gənc və formalaşmaqda olan nəsilə çatdırır. Vüqar Nəbiyev, Gəncə