Rəsulzadənin oğurlanan barelyefini pulla alan sahibkara bəd xəbər...


"Bu ayın 15-də Novxanıdakı uşaq bağçasının inzibati binasının divarına asılmış Məhəmməd Əmin Rəsulzadənin barelyefinin oğurlanaraq metal qırıntısı tədarükçülərinə satılması barədə xəbərə çox məyus oldum. Bu əməli edənlərin və barelyefin parçalarını metal tullantısı kimi qəbul edənlərin hərəkətlərinə hüquqi qiymət veriləcək, yəqin ki.
Deməli, hələ də ictimai dəyərlərimizə məhəl qoymayanlar, mədəsindən ötəri hər şeyə gedənlər də var".
Yeniavaz.com xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov bildirib.
"Bu, çox ciddi problemimizdir. Hətta güman edə bilərik ki, o barelyefi oğurlayanlar və onun parçalarını qəbul edənlər böyük Məhəmməd Əminin kimliyindən xəbərsiz də ola bilərlər. Təəssüf ki, belələri də var.
Amma bu acı fakt elə bu günlərdə qüvvəyə minən yeni bir inzibati xəta barədə həmin işlərlə məşğul olanlara xəbərdarlıq etməyi də zəruri etdi. 
Deməli, İnzibati Xətalar Məcəlləsinə yeni 457-1-ci maddə əlavə olundu. Bu maddə əlinə keçəni metal tullantısı kimi qəbul edənlər barədədir. Məsələn, əldə edilmə mənbəyi məlum olmayan, yaxud qanunsuz yolla əldə edilməsi müəyyən edilən (yəni yuxarıdakı məyusedici hadisədəki kimi) əlvan və qara metal tullantılarını qəbul edən sahibkar polis tərəfindən 400-600 manat cərimə olunacaq.

Maddənin tam mətni belədir:

Maddə 457-1. Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulması

457-1.1. Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni:

457-1.1.1. əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına;

457-1.1.2. fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan əlvan və qara metal tullantılarının qəbul edilməsinə;

457-1.1.3. radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsinə;

457-1.1.4. qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsinə görə -

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

457-1.2. Bu Məcəllənin 457-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir",-deyə Ə. Hüseynov vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top