Tanınmış ekoloq havaya görə həyəcanlananlardan DANIŞDI: "Buna hazırlıq olmalı idi"


Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə ilə bağlı 2-3 gün öncədən xəbərdarlıq edilməsinə görə, bəziləri Ekologiya və Təbii Sərvətlər Nazirliyini qınayır. Dünən bu barədə Yeniavaz.com saytına açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat vermişdi: 
"Təəssüflər olsun, bizi qınayanlar da tapılır ki, nəyə görə məlumatları belə kəskin formada verirsiniz. Mənə elə gəlir insanlar qabaqcadan xəbərdar olsalar, daha yaxşıdır. Qasırğalı külək gözlənilirsə, hamı bu barədə məlumatlı olmalıdır",-deyə Umayra Tağıyeva bildirib.
Bəs bu xəbərdarlığa görə, nazirliyin qınanılması nə dərəcədə məntiqlidir?
Yeniavaz.com saytı mövzu ilə bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalovdan münasibət öyrənib.
"Əgər xəbər veriblərsə, deməli, tədbir görmək lazımdır. Belə küləklər əvvəllər də olub, ancaq qasırğalı müşahidə edilməyib. Ancaq indiki qasırğalı küləkdir, özü ilə həm də qar gətirir, şaxta gətirir. Ona görə də buna hazırlıq olmalı idi. Eşitməmisinizmi bu yaxınlarda Almaniyada, İsveçdə 3,5 metr hündürlüyündə qar yağıb. Bax, elə bir çovğundan gedir söhbət. Deyilən, gözlənilən formada bura gəlib çatacaq-çatmayacaq onu deyə bilmərəm. Çünki dağlar qarşısını müəyyən qədər alır.
Özünüz bilirsiniz ki, Azərbaycan güclü qara öyrəşməyib. Xüsusilə, dağlıq ərazilərə güclü qar yağa bilər. Ona görə də xəbərdarlıq edilib ki, çovğundursa, qasırğa ilə müşahidə olunursa, məktəblər bağlanmalı idi, uşaqları çölə buraxmaq olmaz, çünki sovurub apara bilər".
Telman Zeynalov xəbərdarlığa görə, bəzi insanların həyəcanlanmasından da danışıb: "Həyəcan yaranmasın, Bakıda buna bənzər havalar olub. 1954-cü ildən 1972-ci ilə qədər Azərbaycanda belə təbiət hadisələri çox olub. Biz dözmüşük, ölməmişik ki, yaşamışıq də. O dövrdə çörək qıtlığı var idi, ərzaq qıtlığı var idi, camaat dözürdü. Qorxulu heç bir şey yoxdur. Dövlət o dövrdə xəbərdarlıq eləmirdi, ancaq indi xəbərdarlıq edirlər ki, bəli, yaxınlaşır, gəlir, gözdə-qulaqda olun. Ola bilər ki, yan keçsin, ancaq 2-3 rayonu tutsun". 

DİGƏR XƏBƏRLƏR

Top