Umayra Tağıyeva: "Telefonlarımız susmur, həyəcanlananlar ən çox bu sualları verir"


"Yanvar ayının 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı yaradılmış Qərargahın nömrəsinə gələn zənglərin ardı-arası kəsilmir. Qərargah nömrəsi kimi mənim nömrəm göstərilib. Vətəndaşlar, təşkilatlar dayanmadan bu nömrəyə zəng vururlar, bütün sorğuları cavablandırırıq".
Yeniavaz.com saytına açıqlamasında bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
"Zəng vuran vətəndaşlar daha çox nə soruşurlar?" sualımıza cavab verən Umayra Tağıyeva: "Zəng vuran vətəndaşlar kəskin hava şəraitinin davamlı olub-olmayacağı, harda daha kəskin olacağı ilə bağlı müxtəlif suallar verirlər. Bundan başqa, deyirlər ki, filan yerdə təhlükəli, quru ağac var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri həmin ünvana göndərilir ki, təhlükə aradan qaldırılsın".
U. Tağıyevanın dediyinə görə, sabaha gözlənilən hava şəraitinə oxşar hava sonuncu dəfə 2016-cı ilin dekabr ayında qeydə alınıb: "Xəzər dənizində platformada faciə baş verən verən il belə güclü külək olub. Təxminən o gücdə külək gözlənilir. Buna görə də gözlənilən ifrat təhlükəli hadisə haqqında xüsusən, dənizdə fəaliyyət göstərən təşkilatlara xəbərdarlıqlar göndəririk.
Gücü saniyədə 38-40 metr olan küləyin təkrarlanması əsasən 4-5 ildən bir baş verir.
Dünən Nazirlər Kabinetində gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə bağlı iclas keçirilib. Həmin iclasda ölkənin bütün müvafiq dövlət qurumlarının rəhbərləri, müvafiq təşkilatlar iştirak edib. Orada göstərişlər, tövsiyələr verilib.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Hidrometeorologiya Departamentində 2 qərargah təşkil olunub ki, biz təhlükəli hava şəraiti ilə bağlı bütün sualları, bütün müraciətləri cavablandıraq.
Həm əhalidən, həm də müxtəlif təşkilatlardan çoxsaylı sorğular daxil olur. Onu da qeyd edim ki, indiyədək belə bir qərargah olmayıb".
Umayra Tağıyeva insanların həyəcanlanmasına ehtiyac olmadığını da sözlərinə əlavə edib: "Həyəcanlanıb zəng vuranlar var. Biz də insanlara başa salırıq ki, bu bizim vəzifə borcumuzdur ki, gözlənilən hər hansı bir təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıqlar tərtib edib əlaqədar təşkilatlara təqdim edək.
İki gün qabaqcadan təşkilatlar bu məlumatı alıblar.
Baxın, bu gün günəşli bir hava var. Sabah isə hava şəraiti kəskin dəyişəcək. Biz istəyirik ki, əhali üçün kəskin dəyişiklik, şiddətli külək gözlənilməz olmasın. Bu barədə xəbərləri olsun.
Yaşlı insanlar var, bəlkə sabaha nə isə planlaşdırırlar, insanlar var bəlkə sabaha nə isə bir tədbir təşkil etmək istəyirlər, ailələr azyaşlıları nəzərə alsınlar və s.
Məqsədimiz ondan ibarətdir ki, insanlar bilsinlər çox güclü külək gözlənilir. Azyaşlıları tək, nəzarətsiz küçəyə buraxmasınlar. Müəyyən ağaclar güclü külək nəticəsində aşa bilər, avtomobillərə ziyan dəyə bilər - mümkün təhlükələrin qarşısını almaq üçün insanları diqqətli olmağa çağırırıq. Axı vətəndaş nəyə görə ziyana düşməlidir? Amma artıq həyəcan keçirmək lazım deyil, buna heç bir səbəb yoxdur. Qeyd etdiyim kimi, 4-5 ildən bir belə hadisələr olur".
Umayra Tağıyeva bu xəbərdarlığa görə, onları qınayanların olduğunu da söyləyib: "Təəssüflər olsun, bizi qınayanlar da tapılır ki, nəyə görə məlumatları belə kəskin formada verirsiniz. Mənə elə gəlir ki, insanlar qabaqcadan xəbərdar olsalar, daha yaxşıdır. Qasırğalı külək gözlənilirsə, hamı bu barədə məlumatlı olmalıdır".

Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top