"Son 10 ildə dövlət büdcəsindən AzTV-ə 350 milyon manat ayrılıb, bu kanal ləğv edilməlidir"


Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Alışanovun yerinə müvəqqəti olaraq Rövşən Məmmədov təyin edilib.

Tanınmış media eksperti Ələsgər Məmmədli Yeniavaz.com saytına açıqlamasında dəyişikliyi belə şərh edib: "Azərbaycanda dövlət televiziyası (AzTV) və İctimai Televiziya (İTV) ayrı-ayrı kanallar olsalar da, bir funksiya həyata keçirirlər. "İctimai televiziya və radio yayımı haqqında" qanun qəbul olunub və bununla bağlı Azərbaycanın Avropa Şurasında öhdəliyi var idi. Dövlət yayımı Avropa məkanında qəbul edilmir, dövlət öz mediasını yaratmamalıdır. Amma faktiki olaraq bunun xaricində ictimai yayım mümkündür. Hesab edirəm ki, bu baxımdan AzTV-nin ümumiyyətlə ləğv olunub, bütün invertarının, əmlakının İTV-ə verilməsi həm də hökumətin son vaxtlar apardığı struktur islahatları ilə bağlı doğru addım olardı. Çünki son 10 ildə AzTV dövlət büdcəsindən 350 milyon manatdan çox vəsait alıb. Bu, çox böyük vəsaitdir. İctimai yayıma isə daha az - 15 milyon vəsait ayrılır. Bununla dolayısı ilə dövlət büdcəsinə qənaət olunar, mahiyyətcə rəsmi məlumatlar yenə İctimai Televiziyada yayımlanar. Mən dövlət yayımından imtina edilməsini, bu modelin tamamilə ictimai yayıma çevirilməsinin zəruri olduğunu düşünürəm".
"Bunlar olmasa, nə baş verəcək? Arif Alışanov və ya Rövşən Məmmədli - şəxslərin adları mahiyyət dəyişmədiyi müddətdə heç nəyi dəyişməyəcək. Təbii ki, birinin daha fərqli menecer metodu olar, o birisi başqa idarəetmə sərgiləyər. Amma əgər mahiyyət eynidirsə - bu televiziya yenə davamlı olaraq təbliğatla məşğul olacaqsa, obyektiv, balanslı informasiya yoxdursa, cəmiyyətdə baş verən sosial, siyasi, iqtisadi problemlərin obyektiv müzakirə mühiti yaradılmayacaqsa, dəyişən bir şey olmayacaq", - deyə Ələsgər Məmmədli vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top