Satışı qadağan olunan kərə yağını Azərbaycana kim gətirir və marketlərdə necə satılır?


Paytaxtın bəzi marketlərində satılan "Krestyanskoe" ("Крестьянское") adlı duzsuz kərə yağının üzərində Azərbaycan dilində heç bir məlumat mövcud deyil. Yeniavaz.com xəbər verir ki, üzərində rus dilində Belarus Respublikasında istehsal olunduğu qeyd olunan məhsulun ölkəyə hansı şirkət tərəfindən idxal olunduğu barədə də heç bir məlumat yoxdur.
Məlumat üçün bildirək ki, ölkəyə idxal olunan məhsulların üzərində Azərbaycan dilində qeydlərin olması məcburidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsində açıq şəkildə yazılır ki, Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. 
200 qramlıq qablaşdırmada olan və yağlılıq dərəcəsinin 72,5% olduğu göstərilən "Krestyanskoe" duzsuz kərə yağının üzərində qeyd olunur ki, bu məhsul Belarusun "Belovejskie sırı" ("Беловежские сыры") şirkətin tərəfindən istehsal olunub. Maraqlıdır ki, "Belovejskie sırı" şirkətinin rəsmi saytında yer alan "Məhsullar" bölməsində belə bir adda məhsul olduğu göstərilsə də, bu cür qablaşdırmada duzsuz kərə yağının istehsalı ilə bağlı məlumat yoxdur.
Həmçinin məhsulun üzərinə yerləşdirilən "4811084000215" saylı ştrix-kodunu məşhur "barcode-list.ru" saytında axtarışa verdiyimiz zaman qarşımıza "yag krestyanskoe 72.5% 200q" yazılan məlumat  çıxır. Məlum məsələdir ki, Belarus şirkəti məhsulu kodlaşdırarkən Azərbaycan dilindəki "yag" sözünü deyil, belarus dilindəki "маслa" sözünü qeyd etməliydi. Yox, əgər Belarus şirkəti bu məhsulu Azərbaycana idxal məqsədilə istehsal edibsə, o zaman qablaşdırmanın üzərində niyə tərəfdaş şirkətin məlumatlarını qeyd etməyib? Maraqlı məqamlardan biri isə odur ki, Azərbaycan bazarında satılan bu məhsulun üzərində "şikayətlər üçün" Rusiyanın "Sinerqiya" şirkətinin ünvanı qeyd olunub.  



 
 

DİGƏR XƏBƏRLƏR

Top