“Qəbiristanlığı, zibillikləri axtardıq” - Avtomobillə vurulan gəncin qohumları


Kürdəxanı yolunda, üzü şəhər istiqamətində hərəkətdə olan minik avtomobili yolun bir tərəfindən digərinə keçməyə çalışan Sabunçu qəsəbə sakini, 18 yaşlı İntiqam Məmmədov vurulub. 

Qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib.

Amma sürücü hadisə yerindən təqribən 5 km kənarlaşandan sonra piyadanı maşından düşürüb. Huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

Amaliya Məmmədova - yaralının anası: "Gecə-gündüz bütün Kürdəxanı əhalisi, qohumlarım qəbiristanlığı, zibillikləri axtardıq".

Səfiyar Şəmilov - qohumu: "Fikirləşdik ki, aparıb evinə qıraqdan həkim gətirib orada ona baxdırıb. Xəstənin vəziyyəti stabilləşəndə harasa məlumat verəcək. Gecə saat 03:00-dək hadisə olan yerə təqribən 5 dəfə gedib-gəlmişik".

Gəncin yaxınları ümidini üzsə də, polis axtarışlarını dayandırmayıb, təqribən 24 saat sonra İntiqam Məmmədov tapılaraq Sabunçu Rayon Xəstəxanasına çatdırılıb. Ağır yaralı halda olan yeniyetmə dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, gənc köməksiz vəziyyətdə qaldığına görə xeyli qan itirib. Bu səbəbdən də hazırda vəziyyəti ağır qiymətlədirilir.

Ərazidəki müşahidə kameralarının da köməkliyi ilə hadisədə şübhəli bilinən sürücünün tapılması prosesi çox çəkməyib. Yerli polis bölməsi ilə, Bakı Şəhər Baş Polis İdarəsinin birgə əməliyyatı nəticəsində piyadanı vuran şəxs, Sabunçu rayon sakini Eldar Əliyev saxlanılıb.

Hazırda cinayət işi davam etdirilir.(ArbTv)

DİGƏR XƏBƏRLƏR

Top