Mingəçevirdə yanğın baş verən məktəbdə şagirdlər donur - FOTOLAR


Bir neçə gün bundan öncə Mingəçevir şəhəri, şəhid Noel Ahəngəri adına 13 nömrəli  tam orta məktəbdə elektirik naqillərində yüklənmə çox olduğuna görə  qısaqapanma nəticəsində yanğın olmuşdu. Yeniavaz.com xəbər verir ki, yanğından sonra məktəbin elektrik xətlərində nasazlıq yarandığı üçün sinif otaqlarında elektirik qızdırıcılarından istifadə etmək qadağan olunub. Buna görə də sinif otaqlarında şagirdlər normal dərs keçə bilmirlər. Məktəbə gələn valideynlər “uşaqların sağlamlığı bizim üçün önəmlidir” deyərək azyaşlı uşaqları məktəbə gətirməkdən imtina ediblər.

Yeniavaz.com saytı problemlə bağlı məktəbin direktoru Tünzalə Seyidova ilə əlaqə saxlayıb, məsələyə münasibət öyrənib. Direktor bildirib ki, bu təhsil ocağı 1972-ci ildə istifadəyə verilib: “47 illik məktəb bu günə qədər təmir olunmayıb. 1993-cü ildən ötən ilə qədər məktəbdə məcburi köçkünlər yerləşdirilmişdi. Ona görə də 3 mərtəbəli binanın yalnız 1-ci mərtəbəsi bizim istifadəmizdə olub. Qalan mərtəbələrdə isə köçkünlər yaşayırdı. Ona görə də məktəbdə təmir-bərpa işləri aparılmayıb. Hazırda məktəb qəzalı vəziyyətdədir. Məktəbin zirzəmisi qrunt suları ilə doludur. Mən bu barədə dəfələrlə aidiyyəti qurumlara xəbər vermişəm. Məktəbin idman zalı uçmaq üzrədir. Çatlara görə biz uşaqlara idman zalında dərs keçə bilmirik. Məktəbin istilik sistemi olmadığına görə sinifləri istilik qızdırıcıları ilə qızdırırıq. Burada yanğın dəfələrlə baş verib. Məktəbin elektirik naqilləri nasaz vəziyyətdə olduğuna görə, bu gün sinifləri qızdıra bilmirik. Sinifdə şagirdlər palto-papaqla otururlar. Bu da normal dərs keçməyə böyük maneçilik törədir. Bu gün valideynlər uşaqlarını məktəbə gətirməkdən imtina ediblər, ona görə ki, sinif otaqları çox soyuqdur. Mənim bir məktəb rəhbəri kimi aidiyyəti qurumlara 30-a yaxın məktubum var. Amma heç bir nəticə yoxdur. Məktəbin dam örtüyü bərbad vəziyyətdədir. Yağışlı günlərdə sinif otaqları tamamilə suyun içində olur. Xahiş edirik, aidiyyəti qurumlar səsimizə səs versinlər”.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top