Atası və əmiləri Qarabağda şəhid olan 4 uşaq atası: "İş tapa bilmirəm" - FOTOLAR


Atası və 2 əmisi Qarabağ müharibəsində şəhid olan 4 uşaq atası Cəsarət Aslanov iş tapa bilmir. Bu barədə Yeniavaz.com saytına açıqlamasında C. Aslanov özü məlumat verib.

Qeyd edək ki, C. Aslanovun atası Xaqani Aslanov Xocalıda, əmiləri Hasil və Vidadi Aslanov Ağdamda şəhid olub.

"Atam rota komandiri olub, 160 nəfərin Xocalıdan sağ-salamat çıxarılmasında iştirak edib. 2-ci dəfə döyüş bölgəsinə - Xocalıya qayıdandan sonra qəhrəmancasına şəhid olub",-deyə qeyd edən Cəsarət Aslanov bildirib ki, əmiləri Ağcabədi rayonunun Hindarx qəsəbəsində dəfn olunublar.

C. Aslanov hazırda Bakıda - Binə qəsəbəsində yaşayır: "34 yaşım var, anam da mənimlə birgə yaşayır. 4 övladım var. Orta təhsilliyəm. Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilənədək birincidə elektrik işləyirdim. Tikintilərdə və nazirliyin digər işlərində elektrik olaraq çalışaraq ailəmi dolandırırdım. Maaşım da normal idi, amma nazirlik birləşdiriləndə ixtisar olundum".
Şəhid oğlu o vaxtdan işsiz olduğunu, işlə bağlı müxtəlif instansiyalara müraciət etdiyini bildirib: "Dövlət Məşğulluq Xidmətinə müraciət etmişəm, hətta şəhid oğlu olduğuma da bildirmişəm, amma deyiblər bizdə sənə uyğun iş yoxdur. Bundan başqa, müxtəlif dövlət qurumlarına məktub yazmışam, amma nəticəsi olmayıb. 4 övladım var, heç sosial yardım da ala bilmirəm.
Dövlət səviyyəsində mənə ev verilməyib, bir nəfər yaxşı insan torpaq hədiyyə edib, ev tikmişəm, Allah ondan razı olsun. Anam da heç bir yerdə işləmir. Atam şəhid olduğu üçün 215 manat müavinət alırıq, hazırda yeganə dolanışıq yerimiz budur. Vəziyyətimiz çox çətindir".

Cəsarət Aslanov dövlət və özəl təşkilatların iş tapmaqda ona yardımçı olmalarını xahiş edib: "Elektrik kimi bu sahəni yaxşı bilirəm, su sayğaclarının təmirindən də yaxşı başım çıxır. Bunlara müvafiq olaraq ailəmi dolandıra biləcəyim bir iş olsa, məmnuniyyətlə işləyərəm. İnşallah, sizin bu xəbərinizi oxuyub səsimə səs verən olar".
Qeyd edək ki, C. Aslanov hələ işlədiyi dövrdə atasının və əmilərinin adını əbədiləşdirmək üçün öz maddi hesabına bulaq tikdirib. Fevralın 23-də atası şəhid Xaqani Aslanovun anım mərasimi təşkil olunacaq.
Nicat


DİGƏR XƏBƏRLƏR

Top