Federasiyadan boykot məsələsi ilə bağlı - Bəyanat


Azərbaycan Basketbol Federasiyası (ABF) bəyanat yayıb. 

Qurum kişilər arasında 26-cı ölkə çempionatında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.

ABF hesab edir ki, ölkə çempionatını boykot etmək idman hərəkatına zidd və qanunsuzdur: “Hal-hazırda Federasiya gənclərdən ibarət yığma komandanın Bakıda keçiriləcək Avropa Olimpiya Yeniyetmə Festivalının hazırlığına başlıca önəm verir. Basketbol Federasiyasına qarşı atılan təxribat xarakterli hərəkətlər bu dövlət səviyyəli idman tədbirinin hazırlıq prosesinə zərbə vurmaqdadır. Bununla əlaqədar, bütün məsuliyyət basketbol ictimayyəti adından danışmaq səlahiyətini mənimsəyən bəzi basketbol “xadimlərinin” üzərinə düşür. Bütün sivil dünyada qəbul edilmiş qaydalara əsasən istənilən idman təşkilatı onun təsdiq edilmiş nizamnaməsinə əsasən fəaliyyət göstərir. Federasiya rəhbərliyinin dəyişdirilməsi növbəti hesabat-seçki konfransında bu qurum üzvlərinin səsverməsi yolu ilə həyata keçirilir”.

Azərbaycan Basketbol Federasiyası basketbol ictimaiyyətinə müraciət edərək, ayrı-ayrı şəxslər tərəfindən çempionatın boykotuna sövq edən addımları qətiyyətlə pisləyib: “ABF bütün Azərbaycan basketbolsevərlərini basketbola hörmətlə yanaşaraq, dövlətimiz tərəfindən uğurla həyata keçirilən idman siyasətinə dəstək verməyə çağırır”.

Qeyd edək ki, ölkə çempionatının son turunun “80-lər” - ADNSU oyununun start fiti verildikdən sonra komandalar topu meydanda qoyaraq arenanı tərk etmişdilər. Onlar Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibovun postundan getməyənə qədər bunu davam etdirəcəklərini bildirmişdilər. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top