
Bu gün bir sıra kütləvi informasiya vasitələrində "Hell Azərbaycan" şirkətinin marketinq dirketoru Müşviq İsgəndərova istinadən belə bir xəbər yayılıb ki, aksiz vergisinin tətbiq edilməsi bu ilin fevral ayının ortalarına qədər təxirə salındığı üçün onlar enerji içkilərini həmin müddətə qədər köhnə qiymətlə satacaqlar. Yeniavaz.com xəbər verir ki, aksiz vergisinin tətbiq edilməsilə bağlı müvafiq qərar Nazirlər Kabineti tərəfindən 4 gün əvvəl qəbul olunub və 30 gündən sonra qüvvəyə minəcək. Belə olan halda aksiz vergisinin təxirə salınması ilə bağlı məlumat doğru deyildir.
Onu da qeyd edək ki, "Hell Azərbaycan" şirkətinin marketinq dirketoru Müşviq İsgəndərovun açıqlamasında da belə bir ifadə yoxdur. "Hell Azərbaycan" şirkətinin marketinq direktoru sosial şəbəkə hesabında yazdığı "statusunda" qeyd edib ki, fevralın ortalarına qədər, aksiz vergisinin tətbiq edilməsi uzadıldığı üçün, hal-hazırda bütün mağazalardan 1 Azn ödəyərək "Hell" ala bilərsiniz. Hell Azərbaycan" şirkətinin rəsmisi eyni zamanda etiraf edir ki, qiymət artımının aksiz vergisi ilə əlaqəsi olmayıb. Əgər idxal olunan məhsula aksiz vergisi tətbiq olunmayıbsa, o zaman qiymət artımı niyə baş verib?
Məlumat üçün qeyd edək ki, Milli Məclis tərəfindən qəbul edilən və 20 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanuna görə Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz energetik içkilər, elektron siqaretlər aksiz vergisinə cəlb edilib. Prezidentin 20 dekabr tarixli Fərmanında qeyd olunur ki, Nazirlər Kabineti müvafiq qərarları bu qanuna uyğunlaşdırandan sonra yeni vergi dərəcələrinin tətbiqinə başlanılacaq.
Qeyd etdiyimiz kimi, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri"ndə dəyişikliklər edilməsilə bağlı qərarı isə Baş nazir Novruz Məmmədov tərəfindən 4 gün əvvəl imzalanıb və 30 gün sonra - fevralın 10-da qüvvəyə minəcək.
Onu da bildirək ki, qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz energetik içkilər, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.
Həmçinin, dəyişikliyə görə Azərbaycana idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədi üçün 1 manat aksiz vergisi tətbiq olunacaq. Qeyd edək ki, hazırda Azərbaycana idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların 1 000 ədədi üçün 20 manat aksiz vergisi alınır.
Ölkəmizə gətirilən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqarillaların 1 000 ədədi üçün aksiz vergisi dəyişdirilmədən, yəni 20 manat saxlanılıb.
Sənədə əsasən, idxal edilən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 28 manata qaldırılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz