Prezident struktur islahatlarının anonsunu verdi: nələr dəyişir? - Deputatdan açıqlama


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacağını açıqlayıb.

Dövlət başçısı struktur islahatının gözlənildiyini deyib: "Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. İllər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər".
Yeniavaz.com saytının hansı islahatların aparıla biləcəyi, gözlənilən yeniliklərlə bağlı suallarını millət vəkili Fəzail Ağamalı cavablandırıb: "Dünyada proseslər dəyişir, fərqli situasiyalar ortaya çıxır. Azərbaycan da dünyanın bir parçası olaraq istər iqtisadi, istər siyasi, istər digər proseslərin məntiqinə uyğun olaraq öz işini elə qurmalı, fəaliyyətini göstərməlidir ki, bu, Azərbaycan dövlətinin zəifləməsinə deyil, güclənməsinə xidmət etsin, xalqımızın həyat səviyyəsinin daha yüksəyə qalxmasına xidmət göstərsin, bütövlükdə dövlətimizin və xalqımızın maraqlarına uyğun olsun. Buna görə də zamanın tələblərinə uyğun olmayan struktur dəyişikliklərinin daha operativ, daha konkret istiqamətlərini özündə ehtiva edən struktur dəyişiklikləri ilə modernləşməyə, yenilənməyə ehtiyac duyulur. Azərbaybcan Prezidenti cənab İlham Əliyev də məhz bütün bunları önə çəkdi. 2018-ci ilin aprel seçkilərindən sonra biz artıq bunu gözləyirdik. Çünki ölkə Prezidenti seçki öncəsi vermiş olduğu anonslarda 2018-ci ili Azərbaycanda islahatların daha da dərinləşəcəyi il kimi önə çəkmişdi. Biz onun ayrı-ayrı konkret nəticələrini 2018-ci ildə gördük".
Fəzail Ağamalının sözlərinə görə, 2019-cu il isə 2018-ci ilin aprel seçkilərindən sonra başlanmış olan prosesin daha da dərinləşməsinə və genişlənməsinə geniş imkanlar açacaq: "Biz doğrudan da 2019-cu ildə bir sıra - istər iqtisadi, istər sosial, istər digər sahələrdə özünü göstərən təkrarçılığın aradan qaldırılmasına, ayrı-ayrı strukturların birləşməsinə, ölü xarakter daşıyan və demək olar heç bir fəaliyyətlə məşğul olmayan və dövlət büdcəsindən maliyyələşən strukturların ləğv olunmasınadək böyük bir islahatların şahidi olacağıq.
Bütün bu islahatların kökündə dəyişilməz və hər hansı bir şəkildə mübahisə doğura biləcək mövzuya çevrilməyəcək məsələ dayanır. Bu da Azərbaycan xalqının maraqlarına xidmət etməkdir, onun həyat səviyyəsinin yüksəldilməsinə daha geniş imkan açmaqdır.
Ölkə Prezidentinin həyata keçirdiyi siyasətin ruhu məhz budur. Onun siyasətinin mahiyyətində Azərbaycan dövlətinin güclənməsi və Azərbaycan xalqının həyat səviyyəsinin güclənməsi dayanır. Bu islahatların hamısı məhz bu iki amilə söykənir və belə bir məqsədə xidmət edir".

Nicat İntiqam

DİGƏR XƏBƏRLƏR

Top