
"Şahdağ" Turizm Kompleksində 30 qəpiklik "Sirab" suyunun 5 manata satılması ilə bağlı bir neçə gündür sosial şəbəkələrdə və saytlarda məlumat yayılıb. Müzakirələrə və tənqidlərə səbəb olan mövzuya millət vəkilləri də münasibət bildirib.
Yeniavaz.com saytı mövzu ilə bağlı Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimovdan münasibət öyrənib.
"Birinci növbədə onu qeyd edim ki, əgər saytlarda belə bir məlumat, informasiya yayılıbsa, "Şahdağ" Turizm Kompleksinin sahibkarı, oranın meneceri buna cavab verməlidir. Etinasız yanaşırsa, bu, onun menecment işinin daha da zəif olduğunu göstərir. Bəlkə yalandan yazıblar? O, bunu təkzib etməlidir. Bunu etmir, etməyəndə də sonra deyirlər ki, nə üçün belə yazıldı? Bu, onu göstərir ki, həmin insanlar kütləvi informasiya vasitələri ilə işləmək bacarığına malik deyillər. Ola bilər saytda yalnış məlumat getsin, ya da məlumat doğru olsun. Hər halda "Şahdağ" Turizm Kompleksinin müdiriyyəti, meneceri kimdirsə, ya bunu təkzib etməli, ya da açıqlama verməlidir. Bu isə ortada yoxdur. O menecerlər ki, bunu edirlər - kimin təkidi ilə edirlər, necə edirlər bunu bilmirəm, amma səhv addımdır. Çünki onlar bununla potensial turistləri qonşu ölkələrə göndərirlər. Deməli, Azərbaycan turizminin inkişafına maneçilik törədirlər. Süni qiymət artımı turistləri bizdən uzaqlaşdırır, daha ucuz məkanlara üz tutmalarına səbəb olur. Bu, çox ciddi, strateji məsələdir.

İqtisadiyyatın mühüm sahəsi olan turizmə belə etinasız, belə qeyri-peşəkar, səriştəsiz yanaşma düzgün qəbul edilməməlidir. Səriştəsiz yanaşma göstərir ki, menecmentlikdə çox zəif məqamlar, nöqtələr var və bunlar təhlil olunmalıdır. Çünki turizm özü bir elmdir. Elm olduğu üçün də Turizm Universiteti fəaliyyət göstərir. Turizm kadrlarının hazırlanması üçün ali, orta ixtisas, peşə məktəbləri fəaliyyət göstərir. Turizmə ciddi yanaşmaq lazımdır. Turizm mütəxəssislərinin fikirlərinə biganə olmamalıdırlar. Kadr məsələlərinə diqqətlə yanaşılmalıdır. Həm daxili, həm də xarici potensialdan düzgün istifadə olunmalıdır. Süni qiymət artımına yol verilməməlidir, o mənada ki, yol veriləndə turistlərin başqa ölkələrə, xüsusən, qonşu dövlətlərə getməsinə səbəb olur. Turistlər ora gedəndə görürlər ki, qiymətlər daha ucuzdur, yəni 30 qəpiklik, 50 qəpiklik suyu, çayı 5 manata satmırlar",-deyə Müzəffər Ağkərimov bildirib.
M. Ağakərimov turizm sahəsi üzrə fəaliyyət göstərən qurumların buna biganə münasibət göstərməsindən təəccübünü gizlətməyib: "Çox qəribədir ki, heç bir turizm qurumu buna münasibət, fikir bildirmir. Azərbaycan Turizm Assosiasiyası olaraq bunu mənfi hal sayır, bildiririk ki, bu kimi hallar turizm işinə, turizmin gələcəyinə mane olur".
"Qonşu dövlətlərlə, turizmin inkişaf etdiyi ölkələrlə müqayisədə Azərbaycanda turizm qiymətləri necədir?" sualımıza Müzəffər Ağakərimov belə cavab verib: "Çox məsələlər var ki, onlarla müqayisə ediləcək səviyyədə deyil. İlk növbədə Azərbaycanda alıcılıq qabiliyyətinə diqqət yetirmək lazımdır. Bunu iqtisadçılar çox yaxşı bilirlər. İkinci bir tərəfdən xidmət səviyyəsi müqayisə olunmalıdır, marketinq işi aparılmalıdır. Turist pulu nəyə verir - xidmətə görə. Əgər alınan pul ona verilən xidmətin səviyyəsinə uyğun olmasa, deməli, tədbirlər görmək lazımdır.
Təbii ki, bizdə də məlumatlar var ki, bayram günlərində - Yeni ildə, Novruz bayramında, müxtəlif festivallar zamanı bəzi turizm obyektləri qiymətləri süni olaraq artırırlar.
Azərbaycan Turizm Assosiasiyasının mütəxəssisləri isə deyir ki, süni qiymət artımına yol verməyin, əksinə, müxtəlif əlavə xidmətlər təklif etməklə rəngarəng, cürbəcür xidmətlərlə daha çox pul qazanmaq olar".
M. Ağakərimov süni qiymət artıranlara qarşı dövlətin müdaxiləsinə ehtiyac görmədiyini bildirib: "Dövlətin müdaxiləsinə ehtiyac yoxdur. Ancaq bir məsələni qeyd edim ki, mütləq dövlət tərəfindən reyestr sistemi olmalıdır - həm otellərə ulduzların verilməsi, həm xidmət səviyyəsinin mütləq monitorinqi aparılmalıdır. Monitorinq olan zaman sahibkarlar məsuliyyət hiss edəcəklər. Eyni zamanda maarifləndirmə işləri də aparılmalıdır. Başa salınmalıdır ki, bu, respublikaya, bizim imicimizə, turizmimizə mənfi təsir edir.
Otel tikiblər, obyekt açıblar, amma bəziləri, xüsusilə menecerlər onu işlədə bilmirlər. Bəziləri bilərəkdən, bəziləri bilməyərəkdən düzgün idarəçilik qura bilmirlər. Bu da gətirib çıxarır belə mənfi hallara. Mən həmişə demişəm - dövlət turizm qurumunda peşəkarlardan ibarət ekspert qrupu yaradılmalıdır. Həmin ekspert qrupu turizmin müxtəlif sahələri üzrə fəaliyyət göstərməli, ayda bir dəfə yığışıb öz tövsiyələrini verməlidir. Ekspert qrupuna ancaq səriştəli, yüksək səviyyəli peşəkarlar cəlb olunmalıdır. Burada söhbət milli maraqlardan gedir. Turizmin inkişafı elə bizim strateji marağımız deməkdir. Çünki qeyri-enerji sektorunun aparıcı sahələrindən biri olan turizm bizim iqtisadiyyatımızın gələcəyidir, iqtisadiyyatımızın lokomotividir və bu məsələyə ciddi yanaşmaq lazımdır".
Tətbiqimizi yükləyə bilərsiniz