İqtisadiyyat Nazirliyi: “Şeyx Əl Məktum gələcəyini deməmişdi” - VİDEO


Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum bu günlərdə Dubayda açılmış Azərbaycan Ticarət Evini ziyarət edib. Lakin bu səfər xoşagəlməz halla yadda qalıb.

Yeniavaz.com xəbər verir ki, Virtualaz.org-un redaksiyasına Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun Azərbaycan Ticarət Evini ziyarət etməsinin videogörüntüləri daxil olub. Sən demə, yüksək rütbəli qonağı heç kim qarşılamayıb. Zalda Azərbaycan nümayəndə heyətindən və diplomatlardan kimsə bir yana, heç məlumat ofisinin əməkdaşlarından da heç kim olmayıb.

Məsələ ilə bağlı Azərbaycan İqtisadiyyat Nazirliyindən sayta bildirilib ki, Dubaydakı Azərbaycan Ticarət Evinin açılışı yanvarın 15-i tarixinə planlaşdırılıb. Açılış mərasimində Azərbaycandan böyük hökumət nümayəndə heyətinin iştirakı gözlənilir.
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun Azərbaycan Ticarət Evini ziyarətinə gəlincə, nazirlikdən bildirilib ki, Dubay əmiri Azərbaycan nümayəndəliyinin yerləşdiyi ticarət mərkəzini ziyarət edib.

“Dubay əmiri ticarət mərkəzini ziyarət edib və orada Azərbaycan Ticarət Evini görüb. Şeyxi ticarət nümayəndəliyi maraqlandırıb və o, zala daxil olub. Dubaydakı Ticarət Evinin rəsmi açılışı isə yanvarın 15-də olacaq”, - İN-dən bildirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top