"FHN əməkdaşıyam" deyən şəxs bizdən pul alan yerdə VİDEOSUnu çəkmişik" - Şikayət


"Oğlumu işə düzəltmək adı ilə məndən 4000 manat alan şəxs nə vədinə əməl edir, nə də pulumu qaytarır". Bu sözləri Yeniavaz.com saytına müraciətində Bakı sakini Afət Məmmədova deyib.
A. Məmmədovanın sözlərinə görə, bir xanımın vasitəçiliyi ilə tanıdığı, özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edən həmin şəxsə verdiyi pulu sələmə götürübmüş: "Evimizə gəldi və məndən 4000 manat aldı. Onun xəbəri olmadı, oğluma dedim ki, pul aldığı yerdə videosunu çək, sonra bizi aldadar. Pulun seriya nömrələrini də yazdıq. Ancaq həmin şəxs nə işimizi düzəltdi, nə də pulumuzu qaytarmır. Gah deyir ayın 10-u, gah da deyir 31-i verəcək. Vaxtı uzada-uzada durub. Evini, yerini-yurdunu da bilmirəm. Guya oğlumu N saylı hərbi hissəyə sürücü işinə düzəldəcəkdi. Pulu bizdən təxminən 2 ay yarım əvvəl alıb. Atasına zəng vurdum, deyir "get, tutdur". Mən də deyirəm "ay qardaş, faizlə pul götürmüşəm, belə şey olar? Sələmə götürdüyüm həmin pulun hər 1000 manatına görə ayda 150 manat faiz ödəyirəm. Yəni 4000 manata görə 600 AZN sələm verirəm. Oğlum fəhlə işləyirdi, həmin şəxs gündə onu çağırırdı ki, gəl, komissiyalardan keç. Komissiyadan keçməyə görə 250 manat da əlavə xərcimiz çıxıb. İmtahanda isə oğluma dedilər ki, sən keçmirsən, yararsızsan. Oğlum Ağdamda əsgərlikdə olub, hərbi biletinə də yararlı yazılıb. Necə yararsız ola bilər? Deməli, ortada fırıldaq var".
Afət Məmmədova ittiham etdiyi - Elçin Salahovla bağlı hələlik heç bir dövlət qurumuna şikayət etmədiyini bildirib: "Şikayət etməmişəm, evini axtarıram deyəm ki, ay oğlum, gətir mənim pulumu ver, faiz verirəm axı. 1 otaqlı evdə yaşayıram, yoldaşım ağır yataq xəstəsidir".
Yeniavaz.com saytı ittiham olunan şəxsdən - Elçin Salahovdan münasibət öyrənib. Elçin Salahov 4000 manatı Afət Məmmədovadan oğlunu işə düzəltmək üçün yox, borc götürdüyünü iddia edib: "Mən ondan o pulu borc götürmüşəm. Hətta ona yazılı sənəd də vermişəm, demişəm ki, yanvarın sonunadək həmin pulu qaytarıb sənə verəcəm. Həmin kağız da onun əlindədir. Sözügedən kağızda yazılıb ki, 31.01.2019-cu ildə Afət Məmmədovadan aldığım borcu qaytaracağam. Əgər qaytarmasam, versin prosedur qaydada məni polisə, məhkəməyə ki aldığı pulu qaytarmayıb. Mən həmin 4000 manat borcu ayın 31-dək qaytaracağıma əmin olmasaydım, şəxsiyyət vəsiqəmin surəti olan kağızı yazıb ona verməzdim. Oğlu gəldi onu başa saldım, qardaşı oğlu gəldi, onu da başa saldım. Kağızın üzərində borcun məbləği həm rəqəmlə, həm hərflə yazılıb - 4000 manat. Hətta oğluna demişəm ki, borcdan əlavə sələminizdən sizə 200 manat da köməklik edəcəm. 19 gün gözləsinlər, borc qaytarılacaq. Buna əmin olmasam, o cür yazıb verməzdim".
Afət Məmmədova isə deyir ki, həmin şəxsin atasının, əmisinin Bayıl qəsəbəsində obyektləri var, istəsələr borcun vaxtını uzatmazlar, qaytarırlar: "Vaxt uzadırlar. Mən isə istəyirəm pulumu ən qısa zamanda qaytarsınlar, çünki hər keçən günə görə sələmə ödəyəcəyim borc daha da artır".

DİGƏR XƏBƏRLƏR

Top