Paytaxtda məşhur şirkətin ofisi yarıldı


Azərbaycanın məşhur mebel şirkətinin ofisindən pul oğurlanıb. Şirkətin rəhbərliyi 11 min dollar pulu öz keçmiş əməkdaşının oğurlamasından şübhələnir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

"Saloğlu" şirkətinin 35 yaşlı hüquqşünası Elvin Qurbanov Nərimanov RPİ-nin 17-ci polis bölməsinə müraciət edərək bildirib ki, yanvarın 8-dən 9-na keçən gecə firmanın Albert Aqarunov küçəsində yerləşən ofisindən 11 min ABŞ dolları məbləğində pul oğurlanıb.

Məlumata görə, oğru ofisə pəncərədən daxil olub.

Şirkət rəhbərliyi oğurluğa görə firmanın keçmiş işçisi - Kürdəmir rayon sakinindən (adı istintaq maraqlarına gözə çəkilmir-red.) şübhələnir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin oğurluqda iştirak edib-etmədiyini dəqiqləşdirir.

Qeyd edək ki, son dövrlərdə ayrı-ayrı müəssisələrin keçmiş əməkdaşları tərəfindən soyğuna məruz qalması halları artıb. Hüquq-mühafizə orqanları bu halların təkcə tamah məqsədilə deyil, həm də intiqam məqsədilə törədildiyini qeyd edirlər.

DİGƏR XƏBƏRLƏR

Top