"Qaz partlayışı ilə bağlı komissiya​ gördüyü işin şərhini vermir" - Ekspertdən ittiham


Bu gün Bakının Yasamal rayonunda 3 nəfərin ölümü ilə nəticələnən partlayışın baş verməsi diqqətləri yenə bu sahəyə yönəldib. Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L. Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, həyat yoldaşı Xuramanın və qızı Aygünün meyitləri tapılıb.
Yeniavaz.com saytına açıqlamasında "Azəriqaz"ın sabiq idarə rəisi Nüsrət Qasımov vətəndaşlara bəzi tövsiyələr verib: "Vətəndaşlara dəfələrlə demişik ki, qazı yanılı qoyub, gedib seriallara baxmayın, saatlarla telefonla danışmayın, uzağa getməyin. Qaz cihazını nəzarətsiz qoymaq olmaz. Bu, bomba kimi bir şeydir. İşi görüb qurtarandan sonra nəzarət kranı, işçi kran bağlanmalıdır. Qaz yandırıcı, partlayıcı maddədir, yüksək təhlükə mənbəyidir. Qazla rəftar edə bilməyən insanları qaz cihazına yaxın buraxmayın, naşı ustalara etibara etməyin, özbaşına qaz xətlərinə cihazlar birləşdirməyin".
Ekspert deyib ki, qaz partlayışı fəlakətindən heç kim sığortalanmayıb: "Qaz kəsiləndə vətəndaş mütləq gedib nəzarət kranlarını çöldən bağlamalıdır ki, sayğac koda düşməsin. İkincisi, mən özüm şəxsən oxumuşam, çox vaxt "Azəriqaz" İstehsalat Birlyinin xəbərdarlıqlarında yazılır ki, səhərdən axşamadək qaz olmayacaq. Qaz kəsilən gün vətəndaşlar axşama qədər gözləməlidirlər, nəzarətdə saxlamalıdırlar. Qaz gələndən sonra gedib kranı açıb yandırmalıdırlar. Ancaq bəzi insanlar buna riayət etmirlər, qazı açıq qoyurlar, yadlarından çıxır, qaz da veriləndə evə dolur, yandıranda partlayış olur.
Qəza hallarında "Azəriqaz" ani halda xəbərdarlıq edə bilmir, ona ki, vaxt yoxdur. Qaz sızması varsa, bu barədə siqnal alıblarsa, təlimata görə, "Azəriqaz" əməkdaşları 5 dəqiqə içərisində hadisə yerinə çıxmalıdırlar. Əgər 6 dəqiqəyə çıxsalar, artıq bu, qanun pozuntusudur. Həmin istiqamətlərində qaz kəmərlərində nə qədər siyirtmələr varsa, hamısını bağlamalıdırlar ki, qaz sızmasının qabağını alsınlar".
N. Qasımov qaz partlayışlarından sonrakı vəziyyətlə bağlı narazılığını da dilə gətirib: "Mənim narazılığım ondan ibarətdir ki, qaz partlayışları ilə bağlı komissiya gördüyü işin şərhini vermir. Bilək ki, bu hadisə kimin günahından baş verib, niyə olub. Bunların mediada, telekanallarda müzakirəsi getməlidir. Bu cür hadisələrlə bağlı gərək maarifləndirmə işi aparılsın, profilaktik tədbirlər görülsün, vətəndaşlara da bildirilsin ki, onlar nəticə çıxarsınlar. Amma heyif ki, bu belə deyil".

DİGƏR XƏBƏRLƏR

Top