Bakıda sürücülərin işini çətinləşdirən 3 "başıbəlalı" elektron lövhə - RƏSMİ AÇIQLAMA


Bakıda - Ziya Büynadov prospekti boyu bir neçə elektron məlumat lövhəsi xeyli müddətdir işləmir. Bu barədə Yeniavaz.com saytına hər gün sözügedən yoldan istifadə edən sürücülərdən biri məlumat verib.
Sürücünün dediyinə görə, məlumat lövhələri işləmədiyindən onlar üçün problem yaranır: "Elektron lövhələr işləyəndə hansı ərazidə tıxac olduğunu bilirdik, əziyyət çəkmirdik. Ancaq xeyli müddətdir həmin elektron lövhələrin bir neçəsi xarab olub. Buna görə də qarşıda tıxac olanda bilmirik".
Hələ bir neçə ay öncə saytınıza bununla bağlı məlumat vermişdim, siz də Bakı Nəqliyyat Agentliyindən (BNA) açıqlama almışdınız. Bildirmişdilər ki, "elektron lövhələrin işləməməsinin səbəbi proqram təminatında yenilənmə işlərinin görülməsidir. Hazırda sözügedən çatışmazlıqların üzərində iş aparılır və aradan qaldırılır". Ancaq hələ də Ziya Bünyadov prospektində bir neçə monitor işləmir".
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevdən münasibət öyrəndik.
M. Ağayev məsələyə belə aydınlıq gətirdi: "Şəhərdəki monitorlarda demək olar problem yoxdur, işləyirlər. Aradabir 10 dəqiqəlik, 20 dəqiqəlik və ya 1 günlük problem yarana bilər.
Amma ümumilikdə hamısı demək olar işləyir. "20 yanvar" dairəsindən "Koroğlu" istiqamətinə gedən yolda 3 monitorda problem var. Sözügedən sürücü də məhz onları deyir. Həmin monitorları optik kabellə təmin edən şirkətə vaxtında məlumat verilib. Sadəcə onlarda problem var ki, hələ işə başlamayıblar".
Mais Ağayevin dediyinə görə, həmin monitorlara gündəlik məlumatları ötürmək mümkün olmadığı üçün orada yalnız maarifləndirmə xarakterli məlumat verilir - "kəmərlərinizi bağlayın".
BNA rəsmisi problemin yaxın vaxtlarda həll ediləcəyinə ümidvar olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top