Balakəndə nə baş verib? - Kənd sakinlərindən ittiham


Balakən rayonunun Acılıqbinə kəndində heyvanların örüş yeri sakinlərin əlindən alınıb. Bu barədə Yeniavaz.com saytına müraciət edən kənd sakinləri məlumat veriblər. Onlar örüş yerinin sakinlərdən bələdiyyənin aldığını iddia ediblər.
Acılıqbinə sakini İlham Hacıyev yerin naməlum şəxslərə icarəyə veriləcəyini deyib: "Dədə-babadan həmin ərazi heyvanların örüş yeri olub. Söhbət 11 hektar 12 sot ərazidən gedir. Bura camaata bizim pay torpağımızdan kəsilərək verilən örüş sahəsi olub. İcra Hakimiyyəti deyir ki, bu yerlər əkilməlidir. Kənd camaatına polislə müqavimət göstəriblər, camaatı incidiblər. Deyirlər ki, fındıq, qarğıdalı, tütün əkiləcək. Bununla bağlı müxtəlif yerlərə məktub yazmışıq. Məktubların çatması barədə bizə bildiriş gəlib, amma hələlik cavab yoxdur".
İ. Hacıyevin dediyinə görə, kənd sakinləri hazırda heyvanları örüşə apara bilmirlər: "Deyirik heyvanlarımızı harda otaraq, hara buraxaq? Cavabları budur ki, qapınızda saxlayın. Kənddə ən azı 120-150 baş heyvan var. Camaat heyvandarlıqdan dolanır, başqa dolanışıq yerimiz yoxdur. Örüş üçün başqa bir sahə təklif etmirlər. Bizə yeganə təklifləri bu olub ki, bələdiyyə ilə 1 illik müqavilə bağlayın, fındıq əkin. Fındıq yetişəndən sonra da bizə deyəcəklər müqaviləniz bitdi. Deyirlər heyvanlar qapalı şəraitdə saxlanılmalıdır. Hətta bizə bildirirlər ki, Prezidentin bununla bağlı tapşırığı var. Bizə də maraqlıdır ki, Prezidentin həqiqətən belə sərəncamı varmı".
Sakinlərin sözlərinə görə, kənddə ziyarətgah olan ərazini də dağıdıblar: "Həmin ərazidə kənd sakinlərinin əkdikləri ağacları da qırıblar".
İttihamlarla bağlı Yeniavaz.com saytı Acılıqbinə kənd bələdiyyəsinin sədri Ramazan Ömərovdan münasibət öyrənib.
Bələdiyyə sədri suallara belə cavab verib: "Orada 7 hektar yararsız, 4 hektar da kolaltı torpaq sahəsi olub. Cəmi 11 hektardır. 1998-ci ildə islahat aparılan vaxt həmin ərazi yararsız torpaq sahəsi kimi qalmışdı. Düzdür, camaat mal otarırdı, qoyun otarırdı. 2016-cı ildə Prezidentin boş qalmış ərazilərin əkinə cəlb olunması ilə bağlı tapşırığı oldu. Həmin torpaq sahəsinin təyinatını dəyişmək üçün biz də müraciət etdik. 31 oktyabr 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə torpağın təyinatı dəyişdirildi və əkin dövriyyəsinə cəlb olundu.
20 gün bundan əvvəl kənd sakinləri ilə görüşdük, məsləhət etdik ki, bəs bura bələdiyyənin torpağıdır, götürün, fındıq, yonca əkin, istəyirsinizsə, tütün əkin, yəni nə bacarırsınızsa, edin. Həmin yer kənddən bir az aralıdır, məsafə təxminən 20 kilomter olar. Əvvəlcə kənd sakinləri razılaşdılar, bir-iki nəfər isə razı olmadı. Sonra həmin bir-iki nəfər camaata dedi ki, gəlin şikayət edək. Sonra onlar gəldilər İcra Hakimiyyətinə, başçı ilə görüşdülər. Onlarla söhbət aparıldı, oranın təyinatı dəyişdirilmiş əkin sahəsi olduğu bildirildi. Rəsmi olaraq onlara cavab yazıldı ki, kimin torpağı azdır, əkmək-biçmək istəyirsə, Bələdiyyəyə müraciət edib, qanuni sənədlərini hazırlayıb torpaq götürüb əkə bilər".
Bələdiyyə sədri iddia edib ki, sözügedən şəxslərin heyvanlarını otarmaları üçün ərazisi var: "Onlara "heyvanlarınızı qapalı şəraitdə saxlayın" deyən olmayıb. Həmin yerdə 23 ailə yaşayır. Onlardan 13-nün evinin arxasında 10 hektar 46 sot zəbt edilmiş bələdiyyə torpağı var. Orada ən az torpağı olan adamın 70-80 sot, 1 hektar torpağı var.
Bu gün 2 nəfər bələdiyyəyə gəldi, ərizə ilə müraciət etdilər, müqavilə əsasında təyinatı dəyişdirilən ərazidən əkib-biçmək üçün 2 hektar torpaq istədilər. Kim istəyirsə, gəlsin, əkib-biçmək üçün müqavilə bağlayaq 15 illik, 30 illik, lap 40 illik torpaq sahəsi verək.
Bələdiyyə sədrinin sözlərinə görə, mübahisə mövzusu olan torpaq sahəsinin təyinatı dəyişdirildiyi zaman Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy verib.
"Bu qurumlar rəy verdikdən sonra Nazirlər Kabineti qərar qəbul edib. Yoxsa tək bələdiyyənin qərarı ilə bunlar edilə bilərmi?", - deyə sədr vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top