"Azəriqaz"a limitin hesablanması ilə bağlı yeni ittiham: "Şübhələnmək üçün ciddi əsaslar var"


"Son günlər ekspert Sahib bəy təbii qazdan istifadə ilə bağlı kifayət qədər ciddi əhəmiyyət kəsb edən bir məsələyə toxunub. Bildirir ki, əvvəlcədən ödəniş sistemi ilə işləyən sayğaclarda təbii qazdan istifadə haqqı düzgün hesablanmır. Yəni, qanunla müəyyən olunan illik limit hesablanarkən ötən ildən qalan qalıq nəzərə alınmır. Bununla da vətəndaşın əvvəlki il yüksək tariflə (ikiqat tariflə) ödədiyi sərfiyyat növbəti ildə yenidən limitə daxil edilir. Nəticədə vətəndaşın həmin il üçün adi tariflə istifadəsi üçün nəzərdə tutulan limiti azalmış olur. "Azəriqaz" isə bununla ikiqat tarif tətbiq etmək üçün daha üstün hüquqlar əldə edir".
Yeniavaz.com xəbər verir ki, bunu tanınmış ekspert Osman Gündüz bildirib.
"Düşünürəm ki, kifayət qədər ictimai əhəmiyyət kəsb edən bir məsələdir. Burada həm qanunvericiliyin pozulması və dolayısı ilə korrupsiyadan şübhələnmək üçün də ciddi əsaslar var.
"Azəriqaz" rəsmisinin münasibətini oxudum, sözün düzü, mahiyyətə keçməzdən öncə çox təəccübləndim.
Dövlət rəsmisi açıq-aşkar qanuna zidd açıqlamalar verib. Sahib bəyin, yaşadığı ünvan, sayğac nömrəsi, ödədiyi vəsaitlər və sərfiyyatla bağlı fərdi xarakterli məlumatları açıqlayıb. Digər tərəfdən də dolayısı ilə problemin ödəniş sistemi və sayğac arasında inteqrasiya ilə bağlı olduğunu diqqətə çəkib. Hansıki bu da onların öz problemidir. Mən də o fikirdəyəm ki, qazdan istifadə ilə bağlı tariflərin tətbiqi alış üzrə deyil, istifadə - sərfiyyat üzrə olmalıdır. Düşünürəm ki, əlaqəli qurumlar problemə münasibət bildirməlidirlər. Eyni zamanda yaxşı olar ki, elektron hökumətə cavabdeh olan EHİM-də ödəniş və sayğac arasında hesablaşma işlərinin yenidən qurumlmasında "Azəriqaz"a köməklik göstərsin. "Azərişıq" ilə bağlı olan “billing” problemində (elektrik enerjisindən istifadə ilə bağlı vətəndaşlara bir neçə dəfə çox sərfiyyat yazılması ilə bağlı problem) bildirmişdim, bir daha təkrarlanmaq yerinə düşər ki, ölkədə müxtəlif dövlət qurumlarının istifadə etdiyi, xarici məhsul olan sayğaclar, nəyinsə sərfiyyatını hesablamaqdan daha çox təhlükəsizlik məsələsinə çevrilməkdədir",-deyə O. Gündüz vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top