""Azəriqaz" bu yolla milyonlar qazanır" - Hüquqşünasdan limitlə bağlı daha bir İTTİHAM


"Azəriqaz"-ın ilin əvvəlində on minlərlə istehlakçı üçün sayğaclarda tarifi ikiqat hesablamaqla bağlı yazdıqlarımdan və şikayət prosedurlarından istifadə etdikdən sonra çoxsaylı reaksiyalar oldu. Məsələ ondadır ki, "Azəriqaz" İstehsalat Birliyi heç bir normativ-hüquqi aktla tənzimlənməyən üsuldan istifadə edir". Yeniavaz.com xəbər verir ki, bunu hüquqşünas Sahib Məmmədov təbii qaza görə tətbiq edilən limitlə əlaqədar tənqidi fikirlərinin davamı olaraq bildirib.

"İkiqat tarifi istehlakçı təbii qazı istifadə edərkən yox, onu alarkən və sayğaca yükləmədən tutur. Bu, tam qanunsuzdur. Bir misal göstərəcəm. Tutaq ki, mən dekabr ayının 31-də 30 manatlıq qaz yükləyirəm karta. Limiti keçdiyim üçün kartda 15 manatlıq qaz qeydə alınır. Yanvarın 1-i üçün mənim sayğacımda 150 kub qalıq var. Həmin qalıq sonradan istifadə edəcəyim 1550 kubla cəmlənir və mənim limitim əslində faktiki olaraq 1550 kub istifadə edikdə bitir. Deməli, mən artıq bu halda 15 manat itirmiş oldum. Ona görə də Tarif Şurası ikiqat tarifi qaz istehlakının 1700 kub metri keçməsindən sonraya tətbiq edib. "Azəriqaz" isə özünü çox ağıllı göstərərək ikiqat tarifi istehlak olunmamış qaza yönəldir və qeyri-qanuni yolla milyonlar qazanır. Mən hələ digər qanunsuzluqları yazmıram. Qaz kəmərlərinə yüz milyonlarla kub yanmayan qazların vurulması, smart olmayan sayğac sahibləri üçün yanvarın ortasına qədər ikiqat tarif tətbiqi, yalançı cərimələr və s. Əslində bu, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin diqqətini cəlb etməlidir. Nəticədə, istehlakçılardan qanunsuz yolla milyonlarla artıq pullar alınır",-deyə Sahib Məmmədov bildirib.
S. Məmmədov SOCAR-ın bu məsələ ilə bağlı onun şikayətinə baxdığını da bildirib: "104.az saytına daxil olmuş müraciətimlə bağlı belə cavab verilib: "2018-ci il tarixdə illik 1700 kub metr limiti keçdiyiniz üçün smart payment kartınıza ödədiyiniz məbləğ 0.20 qəpikdən hesablanırdı. 2019-cu il yanvar ayının birindən illik 1700 kub metr limit bərpa olunmuşdur". 

Verdikləri cavab uyğun deyil. Tarif Şurasının qərarına əsasən, limit istifadə olunan təbii qaza tətbiq edilir. Amma SOCAR qanunsuz olaraq ötən ildən qalan və qiyməti ikiqat ödənilmiş qazı yenidən limitə daxil edərək hesablayır və istehlakçıların pulunu mənimsəyir. Sizin yazdıqlarınız heç bir normativ-hüquqi akta əsaslanmır. Dünya səviyyəsinə çıxarmaq istədiyimiz və milli brend saydığımız SOCAR-ın bu fəaliyyəti utancvericidir sadəcə. Çox təəssüf edirəm".

DİGƏR XƏBƏRLƏR

Top