Ermənilər etiraz etdi: Ərəblər Azərbaycan pavilyonunda quraşdırılan maketi sökdülər


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində təşkil edilən "Şeyx Zayed İrsi" adlı festivalda açılan Azərbaycan pavilyonunun girişində quraşdırılan "Biz və bizim dağlar" abidəsinin maketi ermənilərin etirazından sonra sökülüb. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.
Məlumatda bildirlir ki, üzərində ingilis və ərəb dillərində "Azərbaycan" sözü yazılan maket Suriya əsilli erməni stilist Vardan Muradyanın etirazından sonra sökülüb.
Qeyd edək ki, Abu Dabi şəhərində təşkil edilən "Şeyx Zayed İrsi" adlı festivalda açılan Azərbaycan pavilyonunun girişində quraşdırılan "Biz və bizim dağlar" abidəsi 1967-ci ildə Xankəndi şəhərinin girişində ucaldılıb. Bu abidənin müəllifi erməni heykəltəraş Sarkis Baqdasaryandır. Ermənilər arasında "Baba və nənə" adı ilə tanınan bu abidə hazırda seperatçı rejimin "gerb"ində də yer alıb.
Daha əvvəl qeyd etdiyimiz kimi, Abu Dabi şəhərində qurulan Azərbaycan pavilyonunun qarşısında bu abidənin maketinin yerləşdirilməsi ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Müəllifinin erməni olmasına baxmayaraq "Biz və bizim dağlar" abidəsi də Azərbaycan ərazisində ucaldılan digər abidələr kimi Azərbaycana məxsusdur.
Erməni mətbuatının yazdığına görə,  "Şeyx Zayed İrsi" adlı festivalın təşkilatçıları əvvəlcə Vardan Muradyanın etirazına diqqət yetirməsələr də, sonradan mətbuatın bu məsələni geniş işıqlandırması və Muradyanın davamlı etirzları öz nəticəsini verib.
Bundan başqa Ermənistan mətbuatında maketin yeni görüntüsü paylaşılıb və iddia olunur ki, həmin görüntüdə maketin sökülmə prosesi əks olunub. 
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət öyrənməyə çalışsaq da, mətbuat xidmətindən sualımıza cavab ala bilmədik.

DİGƏR XƏBƏRLƏR

Top