Avtomobillərin texniki baxışdan keçirilməsinin DYP-dən alınıb hara həvalə olunacağı bilindi - SƏNƏD


Azərbaycanda avtomobillər texniki baxışdan DYP-də keçməyəcək. Yenilik "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Yeniavaz.com xəbər verir ki, təsdiq olunmuş sənədə əsasən, nəqliyyat vasitələrinin texniki baxışı xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə ediləcək.
Proqramda qeyd olunur ki, nəqliyyat vasitələrinin texniki baxışının təkmilləşdirilməsi, texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi Nazirlər Kabinetinə həvalə olunub. Həmçinin bu işə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi cəlb ediləcək. Bu işlərin görülməsi prosedurunun 2019-2021-ci illərdə başa çatdırılması qarşıya qoyulub.
Sənəddə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texniki baxışın həyata keçirilməsi qaydasının hazırlanması və bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi də nəzərdə tutulub. Nazirlər Kabineti bu işləri Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi ilə birlikdə 2019-2021-ci illər ərzində yekunlaşdırmalıdır.
Proqramın əsas tələblərindən biri də texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanmasıdır. Bu işin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyinə tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top