Bu gün taleyi məlum olmayan əsgərimizin ad günüdür - "O qayıdacaq"


Taleyi məlum olmayan Azərbaycan ordusunun cəsur əsgəri Natiq Qasımovun bu gün 48 yaşı tamam olur.
Həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr etmiş qəhrəman döyüşçü Natiq Qasımovun bu gün ad günüdür. Hələ yeniyetməlikdən cəsurluğu, mərdliyi və ədalət hiss ilə tay-tuşları arasında seçilən Natiqin 48 yaşı tamam oldu. Bu münasibətlə  Natiqin qohumları, dostları, qardaşı Nöfəlin evinə yığışıblar. Nofəl artıq 27 ildir onları beləcə Natiqsiz qarşılayır. Qardaşının keçdiyi şərəfli döyüş yollarından söhbət açılır,  mərdlik və şücaət xronikası xatırlanır. Natiq unudulmur, yaddan çıxmır. Yenə 21 yaşlı bir gənc, igid qəhrəman kimi xatirələrdə qalan və ailənin qırılmayan ümidləri Natiqin dönəcəyini diqtə edir.
Biz də Yeniavaz.com olaraq bu ailəyə baş çəkib, onların dərdlərinə şərik olduq. Qardaşı haqqında Nofəl Qasımov üçün danışmaq ağır olsada, o, göz yaşlarına hakim olaraq qardaşının dönəcəyinə böyük ümidlər bəslədiyini dedi: "Anamın gözü bu gün də yoldadır. Artıq anam xəstə düşüb. Atam da bu dərdə dözmədi, dünyasını dəyişdi. Ana ürəyi hər şeyi duyur. Bu çox ağır dərddir. İtkin yolu gözləmək ən böyük dərdlərdən biridir. Natiq könüllü olaraq vətəninin müdafiəsinə yollandı. "Qarabağ şahinləri" batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edib. Bir neçə müddət sonra cəbhədən qayıdıb gəldi. Mingəçevir DRES-də çilingər işlədi. 1992-ci il fevralın 26 da Xocalı soyqırımı ilə bağlı məlumat veriləndə dedi ki, mən yenə gedirəm. Beləliklə o, yenə Qarabağa yollandı. Mart ayının 10-dan sonra bizə xəbər gəldi ki, Natiq itkin düşüb. Biz atamla cəbhəyə yollandıq. Komandiri bizə bildirdi ki, qızğın döyüşlər zamanı ölənlər oldu, qalanlar isə itkin düşdü. Dövlət tərəfindən hələ sağ olub-olmaması barədə heç bir məlumat yoxdur. Biz ailəliklə əminik ki, o sağdı, nə vaxtsa qayıdacaq. Müharibə qanunlarına görə adı mətbuata düşübsə onu öldürməyə onların ixtiyarı yoxdu. Natiqin qəhrəmanlığı az bir vaxtda dildən-dilə düşmüşdü. Bu qəhrəmanlığın bütün keçmiş ittifaqa tanıdılmasında isə “Oqanyok”un xidməti əvəzsiz oldu”.

Natiqin sonrakı taleyi ilə bağlı hazırda Mingəçevirdə yaşayan 78 yaşlı Xocalı sakini canlı şahid, 18 gün əsirlik həyatı yaşamış Cəfər Cəfərov danışıdı: "Xocalıda 1992-ci ilə qədər 30 il məktəbdə müəllim işləmişəm. Mingəçevirə gələndən sonra 19 il də Mingəçevir məktəbində müəllim kimi çalışmışam. O hadisə elə bir hadisə idi ki, onu xatırlamamaq olmaz. O hadisəni mən bu günə qədər ürək ağrısı ilə yaşayıram. Həmin vaxtı evimizdə ailəmizlə birlikdə oturmuşduq. Qarşıdan gələn faciəni dərk edirdik. Millət qarışmışdı bir-birinə. Mərkəzdən heç bir kömək gözlənilmirdi. Camaatı aldatmışlar. Mövcud hakimiyyət Xocalıda baş verəcək faciənin saatını, dəqiqəsini gözləyirmiş. Ermənilər Xocalını mühasirəyə alıb, yandıranda əhali qışqıra-qışqıra qaçanda mən evdə idim. Baxdım ki, qonşu kəndlər alov içində yanır. Hamı meşəyə qaçırdı. Əli silahlılarımız bilmirdilər ki, camaatı hara yerləşdirsinlər. Axır ki, bizi də mühasirəyə salıb tutdular. Əsgərana apardılar. Əsgəranın milis şöbəsində ermənilər məni tanıdılar. 18 gün əsrlikdə olarkən bizim yerlərimizi tez-tez dəyişirdilər. Daha sonra 22 nəfər bizi balaca bir otağa saldılar. Bizə bir milis rəisi gəlib dedi ki, martın 7-də sizi erməni girovları ilə dəyişəcəyik. Təyin olunan vaxt alınmadı. Yenidən bizim yerimizi dəyişdilər. Apardılar bir erməni kəndinin tövləsinə. Bir həftə də orda qaldıq. Bizimkiləri o qədər döymüşdülər ki, üz-gözləri şişmişdi. Bir erməni gəldi ki, bunların üzlərini silin-təmizləyin, dəyişəcəyik. Ermənilər öz aralarında üzümə baxıb danışırdılar ki, bunu seçin. Mənim də əynimdə bir köhnə palto vardı, üzümü də saqqal basmışdı. Dedilər bu qocadı onda 50 yaşım vardı. Nə isə, digər erməni də dedi ki, ölür, ölsün də. Mən bilmirəm bunlar məni hara aparırlar. Məni Əsgərana gətirdilər. Zirehli maşına mindirib, meşənin içi ilə getdik. Ağdam səmtinə tərəf getdik. Kol-kos başmış bir xarabalığı göstərib, dedilər ki, orda sizin döyüşçülər var. Gördüm kilsənin üstündə bir bayraq yellənir. Məni göndərdilər həmin kilsənin içərisinə. Dedilər ordakılara de ki, silahı yerə qoysunlar, əgər silahı yerə qoymasalar 22 əsirin hamsını gülələyəcəyik. Sürünə-sürünə getdim. İçəridə tüstüdən göz-gözü görmürdü. 1992-ci ci ilin mart 14-ü, yağışlı bir gün idi. İçəri girəndə ayağım bir meyidə ilişdi. Bir az qorxdum. Sonra gödüm ki, bir əsgərdi, şəhid olub. Öz ana dilimizdə dedim ki, mən Xocalıdan olan əsirəm, kim var içəridə? Hiss elədim ki, içəridnən zarıltı səsi gəlir. Ona yaxınlaşdım. Baxdım ki, çoxlu boş patron var. Və bir də bir əsgər başının altında qum kisəsi bir nəfər uzanıb. Yaralı olub olmadığını soruşdum. O, zəif səslə yaralı olmadığını söylədi. O, məndən su istədi. Mən ona bildirdim ki, burda su yoxdur. Acından taqəti qalmamışdı. Paltomun cibindən çörək qırıqlarını çıxarıb ona yedizdirdim. Sanki gözlərinə bir az işıq gəldi. Mən əhvalatı Natiqə danışdım. Ondan soruşdum ki, sən hardansan dedi ki, Mingəçevirdənəm. Adım Natiqdir. Onu içəridən bayıra çıxardım. Soruşdum ki, o bayrağı ora kim sancıb. Dedi o Azərbaycan bayrağıdır, onu ora biz sancmışıq. Həmin kilsədən Ağdam görünürdü. Mən Natiqə sual verdim ki, bəs niyə qaçıb getməmisən. O isə mənə dedi ki, 5 gündür mən tək başına vuruşuram. Yoldaşlarım şəhid oldu. Mən komandirə söz vermişəm ki, yüksəkliyi qoruyacam. Komandir mənə dedi ki, sənə canlı qüvvə və azuqə göndərəcəm. Amma gələn olmadı. Öldürdüyü ermənilərin avtomatlarını yığıb elə vuruşub. Natiq kilsənin üstünə çıxıb bayraqı götürdü. Əlində qalan son iki gülləni göyə atıb aşağı endik. Mən Natiqə dedim ki, biz ermənilərin mühasirəsindəyik. Onlar bizdən cavab istəyirlər. Ya təslim olmalıyıq, ya da 22 əsir güllələnəcək. O buna razı olamdığını dedi. Dedi dayı, sən nə danışırsan mən onların güllələnməsinə razı ola bilmərəm. Biz aşağı düşən kimi əli avtomatlı ermənilər bizi mühasirəyə alıb, Naqtiqi tutdular. Elə həmin an italyalı fotomüxbir o şəkilləri çəkdi. Bir məqamı açıqlayım. Natiq elə həmin anda da məğrur dayanmışdı. Onda heç bir qorxu yox idi. Ermənilər biləndə ki, 5 gün müddətində onlarla tək başına bu oğlan döyüşüb, çox pərt olmuşdular. Bizi Əsgərana gətirdilər. Məni kənarlaşdırdılar. Amma eşidirəm . Bir erməni deyir ki, Natiqə sən haralısan. Natiq Mingəçevirliyəm deyib. Erməni deyir Mingəçevirdən gəlib burda bizi qırırsan. Daha sonra ermənilər bizim ikimizidə BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Natiqi hərbi komendant olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992 -ci ildə 21 əsir, o cümlədən məni Ağdam yaxınlıqdakı qəbirsanlıqda dəyişdilər”.
Bəs bir hadisə şahidi kimi siz Natiqin sağ-salamat olmağına inanırsızmı sualına həmsöhbətimiz bildirdi ki, mən o vaxtı orda bir ermənidən soruşdum ki, Natiqi buraxaçaqlarmı, onda o mənə dedi ki, yox o bizdən çox adam qırıb. Amma mən belə düşünürəm ki, ermənilər bizim əsirlərdən istifadə edirlər. Onu öldürməklə əllərinə nə keçəcək ki! Ondan ucuz əməkçi kimi, canlı iş qüvvəsi kimi  istifadə edirlər. Mən də inanıram ki, Natiq gələcək”.

Natiqin döyüş dostu Zahid Kərimov hələ uşaq vaxtından dost olduqlarını, cəbhəyə birgə yollanmaqlarından danışdı. Bildirdi ki, Natiq əlverişli strateji mövqedə yerləşən alban məbədində tək başına mübarizəni davam etdirməsi bizim üçün böyük qüurdu. Natiq haqqında çox danışa bilərəm. Natiqin qəhrəmanlığı gənclərimizə bir örnəkdir. Mən də bir dost kimi inanıram ki, Natiq gələcək.
 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top